wrapper

Çox uzağa getməyək, götürək elə Türkiyənin özünü. Qardaş ölkənin hər nöqtəsində demək olar ki, adının sonu "spor"la bitən futbol klublar fəaliyyət göstərir. Peşəkar və ya həvəskar olmasından asılı olmayaraq, bölgəni təmsil edən klublar, azarkeşlər tərəfindən sevilir, dəstəklənir.

Ancaq bizdə o əjdahadan yoxdu. Olsa da belə, lazımı səviyyədə deyil. Azərbaycan futbolundan söz açanda hər kəs bölgə futbolunun inkişaf etmədiyini söyləyir. İllərdi davam edən mövcud problem həllini tapmır. Beləcə, bölgə futbolu kölgədə qalır. Neçə-neçə istedadlı uşaqlar diqqətsizliyi görüb, arzularının üzərindən xətt çəkərək başqa bir işlə məğul olmağa məcbur qalır. Biz də ancaq "spor" edirik. Ancaq təəssüf ki, türklərin yox, rusların "spor"undan...

Ancaq bəzi məqamları görüb az da olsa, gələcəyə ümid edirsən. Sizə Balakən futbolundan bəhs edəcəyik.

Qəhrəmanlarımız isə Bədirov İdris, Mahmudov İsmayıl, Bulacov Fərəc, Cumayev Orxan və Çukayeva Mirvaridir. Adıçəkilən məşqçilərin rəhbərliyi altında oğlanlı qızlı 150 uşaq futbolun sirrlərini öyrənir.

Sovetin dönəmində Balakəndə futbol olsa da, yerli komandanın ömrü elə də uzun çəkməyib. Uğursuz nəticələr adını dəqiqləşdirə bilmədiyimiz klubun tarixin yaddaşına qovuşması ilə nəticələnib.

2015-ci ilin martında isə bölgədə futbolun yenidən dirçəlməsi üçün müəyyən addımlar atılıb. Saytımıza açıqlama verən İdris Bədirov həmin anı belə xatırlayır:

"Özüm Zaqataladanam. Əvvəllər "Simurq"un U-11, U-17 və U-19 komandalarında baş məşqçi kimi işləmişəm. Daha sonra 2015-ci ildə Balakəndə qızlardan ibarət U-13 komandasını yaratmaq qərarına gəldik. Ardınca U-13 liqasında iştirak etmək üçün Balakənin Təhsil şöbəsinə müraciət etdik. Fikrimiz müsbət qarşılandı və bizə lazımı dəstək verildi. Nəticədə orta məktəbləri bir-bir gəzərək, fikrimizi şagirdlərə çatdırdıq. Balakən İdman Olimpiya Kompleksinin rəhbərliyi də bizə bu işdə kömək oldu. Belə ki, kompleksdən yaralanmaq üçün bizə təmənnasız olaraq imkanlar yaradıldı. Komleksin rəhbəri Şahmar müəllimə öz dərin minnətdarlığımı bildirirəm. İlk ilimizdə zona üzrə 3-cü yerlə kifayətlənməli olduq və daha sonra qızlardan ibarət U-16 komandasını yaratdıq. Bu işdə AFFA-nın dəstəyi də danılmazdı. Daha sonra oğlanlardan ibarət U-10 və U-11 komandalarını formalaşdırmaq üçün məşqçiləri dəvət etdik".

Onu da öyrəndik ki, hazırda Balakən futbolunda gənc futbolçuların yetişməsi üçün 4 kişi məşqçi çalışır. 3 nəfərin C kateqoriyası olsa da, U-11 komandasının məşqçisi İsmayıl Mahmudovun kateqoriyası yoxdu. Onun məşqçiliyə başlama tarixçəsi isə daha maraqlıdı: "Katex kəndində öz komandam var idi. Zamanla gördüm ki, bu iş məndə alınır. Özümü bu işdə çox rahat hiss etdim və qərara gəldim ki, məsələyə ciddi yanaşmalıyam. Daima irəli getmək üçün hədəflərim formalaşdı. Kənd yerində heç bir şəraitimiz olmayıb. Adicə topumuz belə yox idu. Cırıq topların içinə "kamer" alıb qoyur, onunla oynayırdıq. "Fişka" əvəzi daşlardan istifadə edirdik. Uşaqların özləri futbola həvəsi olduğu üçün məşqlərə yazılırdı. Və bunun üçün heç bir uşaqdan pul alınmırdı. Daha sonra isə rayonda seleksiya olduğunu eşitdim. Və getdim onlara bu barədə məlumat verdim. Sağ olsunlar, gəlib maraqlandılar. Və beləcə, mən də məşqçilyə başladım. Hazırda C kateqoriyasını almaq üçün AFFA-nın təşkil etdiyi kurslara qatılmışam. İlk mərhələni də uğurla adlamışam. Gənc olduğum üçün arzum bu kateqoriyanı almaqdı".

Sevincidiri məqam odur ki, məşqçilərin əməyi qısa müddətdə öz bəhrəsini verməkdədi. Belə ki, Hüseynova Cəmilə əsas milliyə, Qoçuyeva Ayşə U-15, Həsənova Elza və Çukaeyva Xacay U-17 millimizə cəlb olunub.

Maraq üçün onu da bildirək ki, Balakən futboluna dəstək AFFA tərəfindən verilir. Uşaqların invertarları da assosiasiya tərəfindən təmin olunur. Məşqçilər isə gördüyü işin qarşılığında maaş almır və gələcəyə ümid edirlər.

EMİN SƏFƏROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

Son redaktə Şənbə, 21 Yanvar 2017