wrapper

Azərbaycanda futbolçu olmaq çətin məsələdi. Futbolçu olub da, türklər demiş, "adam kimi adam" olmaq ondan da çətindi. Meydanda sərgilədiyi oyunla, xarakteri ilə, davranışıyla, şəxsi və liderlik keyfiyətləriylə, cəsarətiylə rəğbət qazanan, azarkeşin sevimlisinə çevrilən neçə futbolçumuz var ki? Barmaqla sayılacaq qədər...

Biz İngiltərədə yaşamırıq ki, Bekhem, Cerrard, Lamparddan sonra yeni-yeni əfsanələrimizin yetişəcəyinə ümid edək. Biz heç İtaliya vətəndaşı da deyilik ki, Maldini, Del Piero, Totti, Buffondan sonra onları əvəzləyəcək ulduzların parlayacağını görək, qürurlanaq. Biz nə İspaniyayıq, nə Almaniya, nə də Fransa. Heç biz futbolumuza görə qardaş ölkə Türkiyə də ola bilmədik. Ki, Mətin Oktaydan sonra Rıdvan Dilmənimiz olsun. Ardınca Hakan Şükür, Bülənt Qorxmaz gəlsin, oynasın, azarkeşlərin sevimlisinə çevrilsin. Ən azında bir Arda Turanımız da olmadı ki, "Barselona"dakı çıxışına baxaq, qürurlanaq.

Bu dərd azmış kimi, ölkə futbolunda bir nömrə hesab etdiyimiz də karyerasının qürub çağını yaşayır. Və bir gün o da butslarını divardan asacaq. Bəlkə də bir də onun kimi biri yetişməyəcək. Yəqin, özünüz də artıq söhbətin kimdən getdiyini təxmin etdiniz. Bəli, bu, millimizin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovdu.

Rəşad bir azərbaycanlı futbolçunun yüksələ biləcəyi ən uca zirvəyə çatan nadir oyunçulardandı. Bəlkə də fərqli ölkədə doğulsaydı, onun karyerası daha zəngin, titulları daha göz qamaşdıran olardı. Bəlkə də... Amma inanmıram ki, kapitan hazırkı durumundan, karyerasından şikayətçi olsun. Davranışı, danışığı, hərəkətləri ilə futbolumuzda sayılıb-seçilən azsaylı futbolçulardan olan Sadıqov, futbolçu ikən beynəlxalq arenada haqq edib də, qazana bilmədiyi uğurları məşqçi kimi əldə edə bilər.

Sizə təqdim etdiyimiz şəkil isə Rəşadın 2 yaşı olanda çəkilib. Düz, 32 il əvvəl. Fotodakı 2 yaşlı uşaq böyüyüb, şəxsi iradəsi, əziyyəti hesabına Azərbaycan futbolunda öz portretini çizdi. Təkrarı və bənzəri isə olmayacaq...

EMİN SƏFƏROV

Son redaktə Cümə axşamı, 02 Fevral 2017
Bu kateqoriyalar haqqda daha çox « Balakəndə də futbol varmış... - LAYİHƏ