wrapper

Hər dəfə hansısa məşhur futbolçunun doğum günü olanda ilk reaksiyam belə olur: “Ay daa bunun da 40, 50, nə bilim, 60 yaşı tamam oldu”. Daha fikirləşmirəm ki, bu gün-sabah özümüz 40-ı vurub keçəcəyik.

Vaxtilə Kalininqraddan Bakıya, Maqadandan Tallinə, Əndicandan Brestə qızların sevimlisi olmuş Rinat Dasayevin bu gün 60 yaşı tamam oldu. Alen Delonun, Türkan Şorayın, Flora Kərimovanın qocalacağına inanardıq, Dasayevin yox.

Rinatın adı gələndə həm də qonşumuz erməni qızı Suzanna yadıma düşür. Əvəllər elə bilirdim Çelentano “Susanna”nı onun üçün oxuyub. Musiqi müəllimi idi, maaşını qəpik-qəpik yığıb, Moskvaya gedib Dasayevdən avtoqraf almışdı. Özünü dünyanın 7 möcüzəsindən birini görmüş kimi xoşbəxt hiss edirdi. 1988-də köçüb gedəndə ilk dəfə JEK işçisinin yanında Suzannanın mənzilinin bütün otaqlarını gəzdik. Qonaq otağında Kiyev “Dinamo”su ilə oyundakı şəkil, dəhlizdə 1986-cı ilin dünya çempionatında Belçika ilə qalmaqallı matçdakı foto, gününün çox hissəsini keçirdiyi mətbəxin divarında isə bütün dünyaya tanış olan an əbədiləşmişdi – 1988-сi il, 25 iyun, Moskva vaxtı ilə saat 16:40, oyunun 54-cü dəqiqəsi Marko van Basten əsrin qolunu SSRİ yığmasının qapısına vurur.

Dünyanın ən yaxşı qapıçısı olasan və əsrin qolunu da sənə vursunlar. Bu da bir alın yazısıdır. Axı deyilənə görə, Dasayev də inanclı insan idi. Həmin məşhur çantasında həmişə Quran gəzdirirmiş. Düzdür, bir dəfə Bakıya gələndə dostlardan biri müsahibə alanda spirtin qoxusundan başı gicəllənmişdi. Amma bu, o dövrün futbolçuları üçün normal hal idi.

Van Basten Dasayevi mənəvi cəhətdən öldürdü. Düzdür, o hələ 1990-cı ildə dünya çempionatında da oynadı. Amma həmin adam deyildi, Rumıniya ilə ilk oyunda buraxılan səhvlərdən sonra qapı xətti Uvarova tapşırıldı.

1988-də “Real”, “Mançester Yunayted” kimi klublardan təklif gəlsə də, o, “Sevilya”nın ilk dəvətinə “hə” deyib, İspaniyaya yollandı. “Sevilya” bir az o biri klublardan çox pul verirdilər. 80-lərin sonunda isə ac sovet vətəndaşlarını karyera yox, pul maraqlandırırdı.

Maradona, Pele dünya futbolu üçün kim idisə, Dasayev, Bloxin, Belanov, Çivadze, Cavadov da biz - sovet uşaqları üçün eyni dəyərə malik idi. Dahi futbolçular çox vaxt heç ortabab səviyyədə də məşqçi ola bilmirlər. Bloxin evdə oturub əsəblərini müalicə etdirir, Çivadzeni ara-sıra veteran futbolçuların tədbirlərində tost deyəndə görürük, Belanovun başı uşaq futboluna qarışıb, Cavadov gözünüzün qabağındadır, Dasayevdən də MƏŞQÇİ olmadı.

Dasayevin 60 yaşı oldu. Rinat qocalıb? Ya biz yavaş-yavaş üzü o tərəfə gedirik?

ELNUR MƏMMƏDLİ

Son redaktə Çərşənbə axşamı, 13 İyun 2017