wrapper

İki gün müxtəlif saytlar, qəzetlər, hətta televiziyalar Prosineçki deyib baş-beynimizi apardılar. Hansı saytı açırdın millimizin baş məşqçisindən yazırdı. Xəbərin qarşısına mötərizədə yenilənir  yazıb az qala online informasiya verirdilər. Prosineçki yuxudan durdu, çişini elədi, kofesini içdi, kostyumunu geyindi, evdən çıxdı, gəldi üzü AFFA-ya tərəf. Saat başı xəbər yenilənirdi. Avropa və Türkiyə mətbuatında da vəziyyət oxşar idi: Prosineçki təyyarəyə bilet aldı, gəlir, yoldadı, salı günü müqaviləyə imza atır və s. 

Və nəhayət, dünən AFFA-nın rəsmi saytında xorvatiyalı mütəxəssisin adından əndrabadi bir açıqlama yazıldı. “Hər şey əladır, burda məni hər şey qane edir, amma gedirəm evimizə dincəlməyə” tipli bir açıqlama.  

Prosineçkinin Şimali İrlandiya ilə oyundan əvvəl və sonra “Bursaspor” barədə danışmaq istəməməsi, bununla bağlı hər hansı mətbuat konfransı keçirməməsi,  bu tipli suallardan qaçması onu göstərirdi ki, torbada pişik var. Ümumiyyətlə, Robi neçə vaxtdır nədənsə, kimdənsə küsüb, inciməsi heç kimə sirr deyil. Millinin baş məşqçisinin ölkə kubokunun final matçını izləməməsi, daha sonra yığmanın Avstriyada yoldaşlıq oyunu keçirməməsi göstərirdi ki, ortada ciddi suallar var. Amma hər iki tərəf cidd-cəhdlə bunu gizlətməyə çalışırdı. 

“Evləri köndələn yar” tamaşasındakı kimi şap elə bilirdi şupdadır, şup elə bilirdi şapdadır. 

Dünən “Bursaspor”a yaxın saytlar isə sensasiya sayıla biləcək xəbər yaydılar. Guya Prosineçki AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdə “10 milyon avro versəniz da, burda qalmayacam” deyib. Xəbərdə yer alan iddiaya görə, Prosineçkinin ailəsi də Azərbaycandan ayrılmaq istəyir.  

Artıq bir şey gün kimi aydındır ki, federasiya rəsmiləri xorvatiyalı məşqçini seçmə mərhələnin sonuna kimi yığmada saxlamağa məcbur etdilər. “Müqavilən varsa, ilin axırına kimi qalıb işləməlisən, başqa söhbət ola bilməz”. Elxan Məmmədovun Prosineçkiyə dediyi son söz belə  olub.

Atalarımız “zorla gözəllik olmaz” desələr də, Prosineçkini zornan məcbur edə bildilər. Sadəcə xorvatiyalı mütəxəssis bundan sonra necə işləyəcək? Can dərdi müqavilənin başa çatmasını gözləməyəcəkmi? Bax, əsas məsələnin düyün nöqtəsi də elə bu suallardır.

Babək

Son redaktə Çərşənbə, 14 İyun 2017
Bu kateqoriyalar haqqda daha çox « Dasayevin 60 yaşı Belə qal, Əfran! »