wrapper

Oyunu tam xatırlamıram. Sadəcə dəqiq bildiyim odur ki, Emin İmaməliyev zədədləndiyi üçün hər kəs dilxor idi. Çünki təkcə Emin İmaməliyev zədələnməmişdi, eyni zamanda “Qarabağ” o vaxt üçün əsas oyunçularından birini itirmişdi. “Qarabağ”ın heyəti isə indiki qədər geniş deyildi. Bir zədə bütün planları poza bilərdi.

Emininin zədələnməsi də Qurban Qurbanovu çətin vəziyyətə salmışdı. Amma bu çətin vəziyyətdə bir ümid toxumu gördük futbolkasının çiyinləri sallanıb, qolları barmaqlarını keçən gəncin ifasında... Bu adam Əfran İsmayılov idi.

Əfran xaraktercə çox çılğın və tez-tez fikir dəyişən bir adamdır. Tam səmimi deyirəm, öz toyunu belə yarımçıq tərk edə biləcək bir xarakterə sahibdir.
Amma futbolçu kimi çox yüksək keyfiyyətlərə malikdir. Əfranın o özündən böyük olan köynəyini geyindiyi vaxtdan indiyə kimi “Qarabağ”dan neçə nəfər gəlib-gedib, bilirsiniz? Bunların sayı bəlkə də üçrəqəmlidir. Əgər bir adam 10 ilə yaxındır ki (qısamüddətli gedişləri çıxmaq şərti ilə - E.A) ölkənin futbol adına ən ciddi nəticələrə imza atmış kollektivin əsas parçasıdırsa, bu, onun bacarığından irəli gəlir.

Azərbaycan mentalitetində belə bir xoş olmayan qanunauyğunluq var: axına getmək. Əgər bir nəfər digərinin barəsində pis danışırsa, etiraf edək ki, aramızda elələri var ki, araşdırmadan, bilmədən onunla həmfikir olur. Bu gün sənin sahib olduqlarını müzakirə edərlər, əldə etdiyin nəticələrə paxıllıq edərlər və bunu müzakirəyə çıxararlar. Amma heç kim sənin bütün bunları necə çətinliklə əldə etdiyiniz bilməz, düşünməz. Zirvəyə gedən yol heç vaxt asan deyil. Və bu yol heç kimin lağa qoyacağı yol deyil. Çünki bu yolda alın təri var, zəhmət var, ayaq-əl qabarı var.

Bu yolda dayday yoxdur. Əgər 10 milyon adamın içindən seçilən onbirlikdə biri varsa və bu ölkə üçün nəsə etməyə çalışırsa, ona dəstək olmaq bizim mənəvi borcumuzdur.

Artıq sifətini unutduğumuz Vaqif Cavadov var idi. “Qarabağ”ın, millinin heyətində çox vacib məqamlarda səhnəyə çıxıb, son nöqtəni qoyurdu. “Tvente”yə gedib, Rusiya Premyer Liqasında “Volqa”nın heyətində qol vuran adamdan danışıram. Biz nə etdik? Hansısa ucuz hoqqalarla adamı sosial şəbəkədə gündəmə gətirib, gözdən saldıq, ümumi mənfi rəy formalaşdırdıq.

Bizim mənfi rəy formalaşdırdığımız adam dünyanın ən böyük ölkəsi Rusiyaya məğlub olmamağımızı təmin edən adam idi, unutmayaq...

İndi də Əfran İsmayılovu sıradan çıxarmağa çalışırıq. Razılaşaq ki, biz genetik olaraq tam peşəkar deyilik. Mənə görə Azərbaycan qanını damarlarında daşıyan hər bir kəsin güclü emosiyaları var. Bu emosiyalar ətraf mühit üçün də keçərlidir.

Əfran İsmayılov da heç şübhəsiz ki ətraf mühitdən təcrid olan adam deyil. Oxuyur, baxır, sosial şəbəkələrə diqqət ayırır. Özü olmasa da, ətrafı buna biganə qalmır. Məncə, sosial şəbəkələrdə olanlar, sadəcə, insanların axına getməsidir. Kimsə mükəmməl olacaq deyə bir şey yoxdur və kimsə mükəmməl olmağa borclu deyil. Əfranı tənqid hətta bu xətti keçib onu təhqir edənlər bu ölkə üçün nə ediblər? Və ya öz işlərində Əfrandan daha uğurlu ola biliblərmi?

Əfran şəxsən mənim üçün gülüş obyektinə çevrilən bir adam deyil. Ölkənin ən yaxşı futbolçularından biridir, Azərbaycan çempionudur, Azərbaycan Kubokunun sahibidir, Azərbaycan millisində ehtiyac olan bir şəxsdir, Avropadakı fatehimiz “Qarabağ”ən aparıcı oyunçularından biridir. Xeyirxahdır, vətəpərvərdir...

Belə qal, Əfran!

 

Elgiz Abbasov

Son redaktə Cümə, 18 Avqust 2017