wrapper

“Neftçi”də Elxan Abdullayev dönəmi də başa çatdı. Bakılıların cari Premyer Liqaya 2 məğlubiyyətlə start verməsindən sonra bu xəbər hardasa gözlənilməz olmadı. Bundan sonra, bütün fikirlər “ağ-qaralar”ın yeni çalışdırıcısının kim olacağına yönələcək. Klubda prezident Sadıq Sadıqov dövrü başa çatıb, Müşahidə Şurası (MŞ) sisteminə keçəndən sonra  - 2015-ci ilin martından bəri hələ də autsayder adından qurtula bilmir. Komanda qısa müddətdə artıq 5-ci məşqçi ilə yollarını ayırdı. Arif Əsədov, Samir Əliyev, Əsgər Abdullayev və Vəli Qasımovun dirçəldə bilmədiyi “Neftçi”də Elxan bəyin də aqibəti fərqli olmadı. Halbuki adıçəkilənlər arasında ən çox şans (11 ay) məhz ona verilmişdi.

Ötən ilin sentyabrında öz meydanında “Qəbələ”yə 0:8 hesbalı rüsvayçı məğlubiyyətdən sonra Vəli Qasımovu əvəzləmiş Abdullayevin gəlişi bəlkə də çoxları üçün gözlənilməz olmuşdu. Ona inanlar da var idi, inanmayanlar da... Mütəxəssis komandasını meydana çıxardığı ilk matçda az qala 3 xal qazanacaqdı. Amma “İnter”lə səfər görüşdə 87-ci dəqiqəyə kimi hesabda irəli olan komanda yekunda buraxdığı 2 qolla xalsız qaldı. Elə bu oyundan sonra ilk dəfə jurnalistlər önünə çıxan Abdullayev iddiali görünürdü: “Mən hiss etsəm ki, 3 aydan sonra komandaya xeyrim dəymir, özüm çıxıb gedəcəm”.

Amma 3 aydan sonra Premyer Liqada 2 qələbə, 7 məğlubiyyət alan komandanın çalışdırıcısı qış fasiləsindən sonra da işinə davam etdi. Təbii ki, onun tutarlı səbəbi var idi: Komandanı mən qurmamışam, vaxta ehtiyacım var, fasilədə heyətimizi yeni futbolçularla gücləndirəcəyik və s.

İnsaf naminə bakılılar mövsümün 2-ci yarısına heç də pis başlamadılar. İlk iki turda hazırda ölkənin 2 ən güclü klubu ilə - “Qarabağ” və “Qəbələ” ilə görüşlərdə yaxşı təsir bağışlasalar da, hakim səhvləri nəticəsində cəmi 1 xal qazana bildilər. Sonrakı 7 turda qazanılan 5 qələbədən sonra bakılılar yenidən əyləci basdı və silsilə məğlubiyyətlər başladı: 5 oyun, 1 qələbə, 4 məğlubiyyət. Yeganə 3 xal son pillənin sahibi AZAL-la matçda əldə edildi. “Neftçi” ölkə kubokunda da ¼ finalda “Qarabağ”a səddinə ilişdikdən sonra bakılılar avrokuboklardan kənarda qaldı. Halbuki paytaxt təmsilçisi sonuncu dəfə bu cür aqibətlə 2009/10 mövsümündə üzləşmişdi.

Maraqlıdı ki, onun buna bənzər “uğur”u “Neftçi”ni 7 illik fasilədən sonra avrokuboklardan kənar qoymaqla yekunlaşmadı. Bakılılar həm də onun dövründə 23 ildən sonra ilk dəfə Azərbaycan çempionatında texniki məğlubiyyət aldı. 1994-cü ildəki məğlubiyyətlər sırf komandanın çempionatdan çəkilməsinə görə idisə, “Zirə” ilə 27-ci turdakı yenilgi birbaşa Abdullayevin rəhbərlik etdiyi məşqçilər korpusunun günahı idi. O, “qartallar”la matça start heyətində 5 yerli futbolçu ilə başlasa da, 67-ci dəqiqədə Ruslan Abışovu Uqo Barqasla əvəzlənməsindən sonra meydanda 4 azərbaycanlı oyunçu ilə qalmasını diqqətdən qaçırdı. Bu isə reqlamentin pozulması və texniki məğlubiyyət demək idi. Halbuki “Zirə” ilə matçdan 18 gün əvvəl mətbuat konfransında onu heyəti düzgün qurmamaqda tənqid edənlərə iradını bildirmişdi: “Məni çox tənqid edirlər. Deyirlər ki, onun futbol anlayışdı, yoxdu. Mən olsam heyəti belə qurardım yazırlar və yekunda da baxırsan ki, qurduqları heyətə 8 legioner futbolçu salıblar. Sizə qələm, kağız verib desəm ki, heyəti qurun, 1 saata da hazırlaya bilməzsiniz”. Və 27-ci turda bumeranq.

Ümumiyyətlə, Abdullayevin “Neftçi” karyerasına nəzər salsaq görərik ki, qısa periodu bu ilin fevral mart aylarındsa bir neçə matçlıq uğurlu seriya xaricində yalnız silsilə məğlubiyyətlər olub.

 

Premyer Liqa

 26

 8

2

16

23:37

26

Azərbaycan kuboku

   5

 2

1

  2

  6:4

  5

Cəmi

31

10

3

18

29:41

 

 

Mütəxəssis dönəmi təkcə uğursuz nəticələrlə yadda qalmadı. Onun ulduzu azarkeşlərlə də barışmışdı. Ötən ilin noyabrında meydana düşən azarkeşi vurduğuna görə futbolçusu Katalin Tiranı komandadan qovan Elxan bəy apreldə “Qarabağ”la kubok oyunundan sonra özü onları “xuliqan” adlandırmışdı. Ümumiyyətlə, futbolçularını fitə basanları, onu istefaya səsləyənləri azarkeş saymayan çalışdırıcı 2 gün əvvəl “Səbail” məğlubiyyətindən sonra nəhayət fanatları haqlı saydı. Bu gün isə belə...

 ELMAR ABDULLA-ZADƏ