wrapper

Azərbaycan futbolu hazırda “Qarabağ”ın uğurunun təsirindədir. Yox təkcə futbolu deyil, bütün ölkə bu uğurla fəxr edir, bu uğurdan pay götürür. Bəli, “Qarabağ”ın uğuru həqiqətən də fəxr olunası, bütün ölkəyə şamil olunası uğurdur.

Amma bir uğurla iş bitmir, həyat davam edir, qarşıda yeni yeni mərhələlər var, verilən sözlər var. Misal üçün biz illərdir milyonlar xərclədiyimiz milli komandadan nailiyyət gözləyirik. Ümid edirdik ki, heç olmasa ölkəmiz Rusiyada keçiriləcək DÇ-2018-də təmsil olunacaq. Amma bu gedişlə çətin məsələdir.

Qarşıdan isə Norveç və San Marino ilə oyun gəlir.  4 sentyabr “Bakcell Arena”da keçiriləcək oyun üçün heyətlər də açıqlanıb, biletlər də satışa çıxıb, hətta sifət cizgilərini unutduğumuz Robert Prosineçki də Bakıya gəlib.

Komandamızın çıxış edəcəyi heyətə gəlincə, sözsüz ki, ötən oyunlarla müqayisədə ciddi dəyişiklik gözə çarpmayacaq. Çünki bizim bunun üçün oyunçu perspektivimiz yoxdur.

Amma son baş verənlərə görə baş məşqçi Robert Prosineçki müəyyən cəsarətli addımlar atmalıdır. Misal üçün “Zirə”nin qapıçısı Anar Nəzirov start heyətində yer almağı anasının südü kimi haqq edir.

Niyə? İlk növbədə ona görə ki, Anar Nəzirov ötən mövsüm “Zirə”nin heyətində əksər oyunlarda meydançaya çıxıb, komandanın Avropa Liqasına yüksəlməsində  böyük pay sahibi olub. Bundan əlavə Avropa Liqasının təsnifat mərhələsinin oyunlarında çıxış edərək, təcrübə toplayıb. Topaz Premyer Liqasının 2017/2018-ci illər mövsümünə isə ideal başlayıb. Keçirilən ilk 3 oyunda komandasını kapitan kimi meydançaya çıxarıb və hər üç qələbədə böyük pay sahibi olub.

Əsgər sənin rəqibin bunların heç birini etməyibsə, deməli sən artıq ilk pillədəsən və bunu məşqçilərin görməyi mütləqdir. Çünki insan zəhmətinin qarşılığını mütləq almalıdır.

Anarın əsas rəqibləri isə Kamran Ağayevlə Səlahət Ağayevdir. Kamran Ağayev son illərdə çox yaxşı oyunlar keçirsə də, son durumu hər kəsə bəllidir. Eləcə də Səlahət Ağayevin son oyunlarını görməmiş deyilik. Bu üçlüyü müqayisə etsək, indiki vəziyyətdə Anar bir, hətta bir neçə addım öndədir.

Sözsüz ki, kimin qapıda olacağını oyun günü görəcəyik. Amma unutmayaq ki, hər kəs layiq olduğu yerdə olmalıdır. 

 

Mənbə: Futbol11.az

Son redaktə Çərşənbə axşamı, 29 Avqust 2017