wrapper

Bu gün 4 sentyabrdı. O gün ki, stajlı azarkeşlərmizin unutmayacağı tarixi oyunun il dönümü. Bəli, düz 18 il əvvəl sentyabrın ilk günlərində millimiz AÇ-2000-nin seçmə oyunu çərçivəsində özündən qat-qat güclü Portuqaliyanı qəbul edirdi. Qitə çempionatının gələcək yarımfinalçısı ilə keçirilən matçda bəlkə də ən nikbin azarkeş belə bu oyundan xalla ayrılacağımızı gözləmirdi. Nə də olmasa rəqib heyətində Luiş Fiqu, Rui Koşta, Joao Pintu, Fernando Koutu kimi oyunçuların cəmləşdiyi və bu matçdan cəmi 6 ay əvvəl yığmamıza 7 cavabsız top vuran Portuqaliya idi. Düzdü, yekunda üzülən tərəf yığmamız oldu. Amma gözlənilənlərin əksinə komandamız məğlubiyyətə yox, son saniyələrdə əldən qaçırılan qələbəyə görə üzüldü. Oyuna əlavə edilmiş 7-ci dəqiqədə fərqlənən Fiqu yığmamızı qələbədən, rəqibi isə məğlubiyyətdən xilas etdi.

 

Maraqlıdı, görəsən 18 il əvvəl prineylilərə qarşı meydana çıxan futbolçular indi haradadı?Yazıda da məhz bu məsələyə toxunacağıq. Hansı ki, hazırda onların arasında məşqçi olan da var, hansısa klubda vəzifə tutan da, işsiz də, vaxtsız vəfat edən də...

 

Dimitri Kramarenko(42 yaş) - Uzun illər millinin şərəfini qorumuş qapıçı karyerasına 2013-cü ildə “Simurq”da son qoyub. Onun Azərbaycanda sonuncu iş yeri “Neftçi” olub. Kramarenko 2 ay əvvəl ailəvi səbəblərə görə “ağ-qaralar”dan ayrılıb. Hazırda Moskvanın ÇSKA klubunda aşağı yaş qrupları üzrə məşqçi vəzifəsində çalışır. 

 

Emin Ağayev (44 yaş)–1993-cü ildən Rusiya çempionatında çıxış edən müdafiəçi 2010-cu ildə Tver “Volqa”sında karyerasını başa vurub. Daha sonra müxtəlif komandalarda məşqçilik edib, indi uşaq futbolu üzrə mütəxəssisdi.

 

Vladimir Poşexontsev (47 yaş) – futbolçu karyerasının böyük hissəsi Ukrayna ilə bağlı olan millimizin sabiq üzvü hazırda Krımda yaşayır. O, Rusiyanın nəzarətində olan UEFA-nın qəbul etmədiyi çempionatda məşqçi işləyir. Poşexontsev bu ilin fevralından “Krımteplitsa”da köməkçi məşqçi kimi çalışır.  

 

 

Tərlan Əhmədov (45 yaş) – 1992 – 2005-ci illər aralığında millinin formasını geyinən Əhmədov futbolçu karyerasına 2009-cu ildə “Olimpik”də başa vurub. Daha sonradan məşqçiliyə başlayan sabiq kapitan “Xəzər Lənkəran” və “Neftçi”də köməkçi məşqçi işləyib. Əhmədovun sonuncu iş yeri AZAL olub. 2014-cü ildən bu ilin mayına kimi bu komandaya rəhbərlik edib. Şüvəlan klubu dağıldıqdan sonra hazırda işsizdi.

 

Vyesçeslav Lıçkin (43 yaş) – o da karyerasının böyük hissəsini Emin Ağayev və Vladimir Poşexontsev kimi Azərbaycandan kənarda keçirsə də, futbolçu həyatının son 4 ilini vətəndə oynayıb. “Xəzər Lənkəran”, “İnter” və “Simurq”da çıxış edən yarımmüdafiəçinin sonuncu klubu məhz Zaqatala təmsilçisidi.1973-cü ildə Bakıda doğulan Lıçkin hazırda Sankt-Peterburqda yaşayır. O, burada “Zenit”in futbol akademiyasında məşqçilik edir.

 

İqor Getman (46 yaş)–klub karyerasını Azərbaycanda yalnız “Neftçi”yə həsr edən bakılı balası elə futbola da 2007-ci ildə “ağ-qaralar”ın heyətində vidalaşdı. Elə məşqçilik fəaliyyətinə burada başlayan sabiq müdafiəçi 4 il gənc komandalara rəhbərlik etdi. Bir müddət “Simurq”da çalışan Getman 4 il işsiz qaldıqdan sonra 2016-cı ildən yenidən yuvaya dönüb. O, hazırda “Neftçi”də köməkçi məşqçi funksiyasını daşıyır.

 

Kamal Quliyev (40 yaş)– 2010-cu ildə Sumqayıt “Standart”ında futbolla vidalaşan Quliyev daha sonra 3 il “Neftçi”də məşqçi işləyib. Buradan “Neftçala”ya keçən sabiq müdafiəçi bu komandanı ardıcıl 2 il 1-ci divizionda qalib etsə də, klub Premyer Liqaya buraxılmadı və bu səbəbdən də adıçəkilən komanda fəaliyyətinə son qoydu. Bir müddət işsiz qaldıqdan sonra o, bu yaxınlarda “Neftçi”də yeni vəzifəyə başlayıb. Quliyev “ağ-qaralar”ın Futbol Akademyasının baş seleksiyaçısı vəzifəsində çalışır.

 

Zaur Tağızadə (38 yaş) – şübhəsiz, Azərbaycan futbolunun yetişdirdiyi ən parlaq simalardandı. Elə haqqında bəhs etdiyimiz oyunda da portuqaliyalıları məyus edən – topu Vitor Bayanın ayaqları arasından keçirən də odu. Futbolçu karyerasına 2010-cu ildə “Neftçi”də son qoyan “qızıl oğlan” hazırda “Qarabağ”dadı. Tağızadə 2011-ci ildən Ağdam klubunda Qurban Qurbanovun köməkçilərindən biridi.

 

Bəxtiyar Musayev (44 yaş)–Portuqaliya ilə oyunda yüksək texnikası ilə seçilən Musayev qolun ötürməsinin müəllifidi. Rəqibin 5 oyunçusunu sıradan çıxarıb Zaura ötürdüyü pas sonuncunun fərqlənməsi ilə nəticələnmişdi. Karyerasına 2006-cı ildə “Neftçi”də son qoyan Musayev daha sonra “ağ-qaralar”da seleksiya xidmətinin rəisi vəzifəsində çalışıb. Onun Flaviniyo, Nikolas Kanales, Bruno Bertuççi kimi oyunçuların gətirilməsində xidməti olub. Musayev hazırda 1-ci divizionda çıxış edən “Zaqatala”nın idman direktorudu.

 

Vadim Vasilyev (45 yaş) – karyerasına 2007-ci ildə son qoyub. Qısa müddətdə “Xəzər Lənkəran”da baş məşqçi İqor Ponamaryovun köməkçisi işləməyə də macal tapıb. Vasilyev son illər işsizlikdən şikayətlənirdi. Yalnız ara-sıra Bakıdadkı “Mançester Yunayted” məktəbinin seleksiya məşqləri üçün AFFA-dan dəvət alır.

 

Ədəhim Niftəliyev (40 yaş) – 2013-cü ildə o zamanlar mövcud olan “Qala” klubunda karyerasına son qoyub. Hazırda “Neftçi”nin 16 yaşlılardan ibarət komandasında köməkçi məşqçi vəzifəsində çalışır.

 

 

Oyuna sonradan daxil olanlar

Aleksey Stukas (vəfat edib) – milliləşdirilmiş futbolçu səhhətindəki problemlərə görə 2000-ci ildə karyerasına son qoyub. 2002-ci ildə - cəmi 23 yaşında ürək tutmasından vəfat edib.

 

Elşən Qəmbərov (44 yaş) – karyerasının böyük hissəsini Özbəksitanda keçirən Qəmbərov futbolla məhz burada – Səmərqənd “Dinamo”sunda vidalaşıb. O, artıq uzun illərdi ki, ABŞ-ın Nyu York şəhrərində yaşayır. Qəmbərov burada da futbolsuz qalmır. Sabiq yarımmüdafiəçi burada uşaq futbol məktəblərində və fərdi məşqçi kimi çalışır. 

 

Mahmud Qurbanov (44 yaş) – Azərbaycanda demək olar ki, əksər klublarda çıxış edən Qurbanov karyerasını 2012-ci ildə “Sumqayıt”da bitirdi. Elə o vaxtdan məşqçiliyə başlayan Mahmud “Tərəqqi” və “Kəpəz”in baş məşqçisi kimi də fəaliyyət göstərib. Daha sonra müxtəlif yaş qrupları üzrə yığma komandalarda çalışan Qurbanov hazırda əsas millidə baş məşqçi Robert Prosineçkinin köməkçilərindən biridi.

 

Əhməd Ələsgərov (vəfat edib)– milli komandadan ayrıldıqdan sonra qısa müddətdə “Neftçi” və “Bakı”ya rəhbərlik edən mütəxəssis ömrünün son illərində işləmirdi. Ukraynanın Odessa şəhərində yaşayan Ələsgərov 2015-ci ildə 79 yaşında vəfat edib və elə orada da dəfn edilib.

 

 

ELMAR ABDULLA-ZADƏ

Son redaktə Bazar ertəsi, 04 Sentyabr 2017