wrapper

Müstəqil Azərbaycan futbolunun yetişdirdiyi tanınmış simalardan söz açsaq Tərlan Əhmədovu ilk onluğa daxil etmək kimi bir öhdəliyimiz var. Hətta bəzən onu rəmzi heyətin kapitanı da seçmək olar...



Tərlan Əhmədovun futbola gəlməsinin maraqlı bir tarixçəsi var. Böyük rəqabətin olduğu dönəmdə 7 dəfə seçimlərdən kəsilən Əhmədov 8-ci dəfə seçimə qatılıb və arzusunu reallaşdırıb. Elə gənc yaşında “Neftçi”də oynaması, legioner həyatı yaşaması, “Qarabağ” və milli ayrı-seçkiliyi yarananda üçrəngli bayrağı hər şeydən üstün tutub, millinin düşərgəsinə getməsi Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk heyətdə yer alması, uzun illər milli komandanın kapitan sarğısını daşıması və digər amillər, sözsüz ki, böyük bir əziyyətin qarşılığıdır. Tərlan Əhmədovun, düşünmürük ki, futbolda böyük daydayı olub. Veteran müdafiəçi öz xarakteri, öz oyunu, öz işə yanaşması ilə elə öz daydayı olub.
Heyətdə özündən yaşca böyük çox sayda futbolçu olmasına baxmayaraq, Emin Ağayevli, Vidadi Rzayevli, Yunis Hüseynovlu, Vladislav Qədirovlu, Nazim Süleymanovlu millinin vitse kapitan sarğısını daşıyıb.  Bütün bunları nəzərə alıb, hazırda ölkə futbolunun tarixi hesab olunan “Neftçi”nin baş məşqçisi postuna gətirilən Tərlan Əhmədovun anadangəlmə xarakterə sahib olduğunu deyə bilərik.

Onun ora necə gətirilməsi, kimin dəstəyi ilə gəlməsi və digər məsələləri müzakirə etmək kimi bir fikrimiz yoxdur. Gəlin, elita klublarını araşdıraq. İki klubu çıxmaq şərti ilə digər komandaların  məşqçiləri, Müşahidə Şurasının üzvlərinin arxasında kim (lər)in durduğunu görərik. Bu başqa yazının mövzusu olduğundan, biz öz mətləbimizdən çox uzaqlaşmayaq.
Fakt odur ki, “Neftçi” adı istənilən futbol funksionerindən önəmlidir. Çünki bu ağ-qara rənglər illərdir  ki, Azərbaycan futbolunun siması sayılır və bu rəngləri şəxsi mənafelərə qurban vermək olmaz. Düşünürük ki, Tərlan Əhmədov həm futbolçu, həm məşqçi karyerası ilə “Neftçi”də işləməyi anasının ağ südü kimi haqq edir.

Amma sözsüz ki, sabiq kapitan ağır bir yükün altına girir. Bu ağırlıqlardan biri də dəyişikliklərlə bağlı olmalıdır. Tərlan Əhmədov nələri dəyişməlidir?
Başlayaq...

Özünü

Tərlan Əhmədov baş məşqçi kimi ilk böyük sınaq qarşısındadır. U-19-da Vəli Qasımovun, “Xəzər Lənkəran”da Ağasəlim Mircavadovun, “Neftçi”də Böyükağa Hacıyevin köməkçisi kimi çalışmış Əhmədov AZAL-da nəticələrə cavabdehlik daşıyıb. İş yerlərinə nəzərən tam əminliklə deyə bilərik ki, hazırda o, daha məsuliyyətli bir postdadır. İndi tarixinin ən ağır dönəmlərindən birini yaşasa da “Neftçi”, adı ilə, tarixi ilə, azarkeşi ilə böyük bir camiədir. Tərlan Əhmədov da bu camiənin içindən çıxan adamdır və bu camiənin layiqli nümayəndəsidir. Amma dediyimiz kimi “Neftçi” adı istənilən futbolçudan, məşqçidən böyükdür. Tərlan Əhmədov da bütün bunları nəzərə alıb qismən özünə əl gəzdirməlidir. Adi detallara görə hakimlərlə mübahisəyə girişməsi, adına, çəksisinə yaraşmayan müvafiq polimikalara getməsi, yəqin ki, sizin də xatirinizdədir.

Ruhu
Sabitlik hər bir kollektiv üçün önəmli olan məqamdır. Düzdür, inkişaf üçün bəzən dəyişikliklər lazımdı. Amma hər şeyin bir həddi var. 2 ildə 5 baş məşqçi dəyişmək, 3 dəfə rəhbərlik dəyişmək hansı peşəkar kluba yaraşan cəhətdir? Əlbəttə ki, bu prinsiplə işləmək düzgün deyil. Əksini idda edənlər  “Neftçi”nin durumuna baxsınlar.  Hər gələn öz bildiklərini tətbiq edir, hər dəyişiklikdə nəsə yenilik olsa da, yenilik hər zaman uğurlu olmur, dostlar. Bu tez-tez baş verən dəyişikliklər “Neftçi”nin ruhunu bir növ əlindən alıb, “Neftçi”də komanda ruhu qalmayıb. Sabiq kapitan ilk növbədə komanda ruhunu geri qaytarmalıdır, hansı ki, Əhmədov bundan öncə məşqçilər korpusunda yer  alanda bu ruhun bir parçası idi.

Heyəti 

Tərlan Əhmədovun üstünlüyü ondan ibarətdir ki, vaxtilə bir yerdə işlədiyi Eldəniz Yusifovla “Neftçi”də birgə çalışacaq. Belə deyək,  iş prinsipinə bələd olan iki şəxsin bu və ya digər bir yerdə çalışması önəmli deyil. Əsas odur ki, onlar bir birini başa düşürlər. Məşqçilər korpusuna hələ ki toxunmayan Əhmədovun zamanla dəyişikliyə gedəcəyi dəqiqdir.
Amma sözsüz ki, nə qədər güclü məşqçi olursan ol futbolçun yoxdursa, nəticə qazanmaq müşkülə çevrilir. Odur ki, Əhmədov   futbolçu heyətinə mütləq əl gəzdirməlidir. Bu gün heyətdə o qədər “Neftçi”yə layiq olmayan var ki... Xüsusən də legioner futbolçulara qapı göstərilməli və ya işin əsli başa salınmalıdır. Yəni, tarixi olan klub heç kim üçün sadəcə maaş mənbəyi ola bilməz.

Əllər kəsilməlidir

Bizdə olan məlumata görə Tərlan Əhmədova “Neftçi”nin baş məşqçisi postunda tam səlahiyyət verilib. Belə ki, Əhmədovun kluba şəxsi mənafelər üçün uzanan əlləri kəsmək üçün səlahiyyəti var. Əgər əvvəlki kimi bir işə 5-10 nəfər qoşulacaqsa, məsləhətdir ki, Tərlan Əhmədov çantasını tam boşaltmasın...