wrapper

23 avqust. O möhtəşəm gecəni heç kim unutmayıb ki? Şəhərin hər tinindən sevinc hayqırtıları eşidilirdi... Səsimiz, sevinc çığırtımız ulduzlara qədər gedib çıxırdı... Bu neft şəhərinin əli mazutlu insanları nə vaxt belə sevindiklərini özlərinə sual edirdilər... Kimi yadına sala bilirdi, kimisə yox... Bəlkə də heç vaxt... Təşəkkürlər “QARABAĞ”...

23 avqust. O möhtəşəm gecəni heç kim unutmayıb ki? Bəlkə də biz ilk dəfə idi ki kədərimizdən yox, sevincimizdən yata bilmirdik. Bütün şəhər ayaq üstə idi, bütün şəhər bir birini təbrik edirdi... Nəinki bütün şəhər, bütün Azərbaycan qucaqlaşırdı... Birlik yaratdın, “Qarabağ”, təşəkkürlər, “QARABAĞ”...

23 avqust. O möhtəşəm gecəni heç kim unutmayıb ki? Səhər gözümüzü açanda öz yatağımızda deyil dünyanın manşetində idik. Dünyanın ən önəmli nəşrləri “Qarabağ”dan yazırdı və Qarabağdan yazırdı. Qarabağ həqiqətlərini, Ağdamın işğalını bütün dünyaya çatdırdın, haqq səsi oldun, bunu sən etdin... təşəkkürlər, “QARABAĞ”...

23 avqust. O möhtəşəm gecəni heç kim unutmayıb ki? Məhz bu gecədən sonra adımız ilk dəfə dünyanın ən nəhəngləri sırasında çəkildi. Ürəyimiz möhtəşəm döyünürdü, sinəmiz qürur nəfəsindən kükrəyirdi. Özümüzü güclü hiss edirdik, biz o müstəvidəydik... Bacardın, sən etdin, təşəkkürlər “QARABAĞ”.

23 avqust. O möhtəşəm gecəni heç kəs unutmayıb ki? Necə unuda bilərik ki? İlkləri kim unudur ki??? Tarix yazdın, “Qarabağ”, təşəkkürlər, “Qarabağ”.

12 sentyabr. Qarabağ adını dünyanın ən nəhəng stadionlarından olan “Stemford Bric”də səsləndirdin, Avropanın göbəyində Qarabağın Azərbaycan torpağı olduğunu nümayiş etdirdin, Azərbaycan futbolçusunun sadəcə azarkeçşlik edə biləcəyi “Çelsi” ilə mübarizə apardın, eyni meydançanı bölüşdün, Qarabağ, Ağdam, Azərbaycan, Çempionlar Liqasının qrup mərhələsi sözlərini bir müstəviyə yerləşdirdin, qürurlandırdın, “Qarabağ”, təşəkkürlər, “Qarabağ”!!!

ELGİZ ABBASOV

 

 

Son redaktə Bazar ertəsi, 25 Sentyabr 2017