wrapper

Tanınmış türk şairi Cahit Sıtkı Tarancının məşhur bir şeiri var: “Yaş otuz beş! Yolun yarısı eder. Dante gibi ortasındayız ömrün”. Millimizin kapitanı Rəşad Sadıqovun da 35 yaşı var. Amma ömrünün hansı nöqtəsində olduğunu bilməsək də, dəqiq olan odu ki, karyerasının sonudu. 2001-ci ildən yığmamızın şərəfini qoruyan müdafiəçi sabah sonuncu dəfə milli formanı geyinəcək.

Futbolka nömrəsi 14 olsa da, daim çıxış etdiyi klublarda, millidə 1 nömrə - lider olmağı bacarıb. Taleyin işindən yığmadakı son qarşılaşmasında da birləri yanbayan düzəcək. Bəli, sabah Çexiya ilə oyunda yığmada sonuncu – 111-ci qarşılaşmasını keçirəcək Sadıqov milli karyerasını bitirəcək. Və beləcə, kiçik Azərbaycan futbolu üçün böyük sayıla biləcək bir era başa çatacaq.

Bir neçə gün əvvəl Tbilisidə sabiq “Milan”lı Kaxa Kaladzenin təşkilatçılığı ilə dünya ulduzları arasında matç keçirildi. Qarşılaşmada kimlər yox idi ki? Mənim yaş nəslinin uşaqlıq kumirləri – Totti, Rivaldo, Kafu, Maldini, Dida, Salqado, Krespo, Zanetti, Toni, Boban və başqaları... Düzdü, bu, vida yox, xeyriyyə matçı idi. Bir anlıq düşündüm, görəsən, bizdə də nə vaxtsa buna bənzər bir oyun təşkil edilsə kimləri dəvət etmək olar?

Bəs Rəşad mövsüm sonunda karyerasını başa vuranda ona da bu cür anlı-şanlı vida oyunu keçirmək istəsək, dünya ulduzlarından kimləri dəvət etmək mümkündü? Təəssüf ki, heç kimi. İndiyə kimi hansı futbolçumuz normal legioner həyatı yaşayıb ki, kimisə də dəvət etmək mümkün olsun? Sadıqov xarizmatik, lider, başını zərbənin qarşısına atacaq qədər cəsarətli müdafiəçidi. Amma çox təəssüf ki, “14 nömrə” yalnız bizim gözümüzdə “Böyük kapitan”dı. Ümumi götürəndə isə Avropada sıradan bir qapazaltı yığmanın, Ukrayna, Almaniya və Xorvatiyadan 6, Polşadan 8 top buraxan, evdə Lixtenşteyn və Luksemburqu üstələyə bilməyən bir millinin kapitanıdı. Kim bilir, bəlkə də Rəşadın bəxti onda gətirməyib ki, Azərbaycanda doğulub və belə bir millinin kapitan sarğısını daşıyır. 

Yazıda Rəşadın adı çəkilsə də, bu məsələni bütün futbolçularmıza şamil etmək olar. Sadəcə, Sadıqovun milli karyerasını başa vurması ilə Tbilisidəki matç eyni vaxta düşür. Acı da olsa etiraf etməliyik ki, nə Rəşad, nə də indi karyerasını davam etdirən hansısa oyunçumuzun dünya, hətta regionda futbolçu kimi elə də çox çəkisi yoxdu.

Ümumiyyətlə, biz nəyi qoyub, nəyi axtarırıq? Nəinki dünya heç ölkə səviyyəsində millidə Rəşadın gedişindən sonra yaranacaq vakuumu dolduracaq kimsə varmı? 

Elmar ABDULLA-ZADƏ

Son redaktə Cümə axşamı, 05 Oktyabr 2017