wrapper

Sözsüz, futbol azarkeş üçün oynanılan bir oyundur. Əgər sənin tribunalarında azarkeş yoxdursa, komandan azarkeşlər qarşısında məsuliyyət daşımırsa, yeri gələndə azarkeşlərə hesabat vermirsə, o zaman sən nəticələrindən asılı olmayaraq, mübarizədə hər zaman 0-1 geridəsən.

Bizim yeni sakinimiz “Səbail” kimi...

Komanda yeni yaranmasına baxmayaraq, klublaşma yolunda addımlar atır.  Klub istər Kütləvi İnformasiya vasitələri ilə münasibətlərini, eləcə də futbol camiəsi ilə münasibətlərini qura bilib. Amma azarkeş baxımından demək olar ki, bütün rəqiblərinə uduzur ki, bunun da “Səbail”in ev oyunlarını öz stadionu sayılan “Bayıl Arena”da deyil, “Dalğa Arena”da keçirməsi ilə heç bir əlaqəsi yoxdur. Yəni “Səbail” “Bayıl arena”ya  köçdükdən sonra azarkeş sayında maksimum 50 nəfər  müsbətə doğru fərq hiss edə bilər ki, bu da ərazidə yaşayan futbol fanatları ilə bağlı olan şeydir. Onları hər hansı bir dövlət qurumunun əməkdaşları ilə də əvəzləyə bilərik. 

Müşahidə Şurası

Əslində, bu qurum hələ ki Azərbaycan futboluna heç bir töhfə verməyib. “Neftçi”də fiaskoya uğrayıblar, “Sumqayıt”da idarə üsulu prezident Kamran Quliyevdədir. “Sumqayıt”da Müşahidə Şurası adı altında  bir “konsey” olsa da, bütün işləri Kamran Quliyev və onun tabeliyində olan bir neçə şəxs görür. Ümumiyyətlə, hər yerdə belədir. Əsas işləri ikinci personalar həyata keçirirlər. Bir və əsas qolu AFFA-ya gedib çıxan “Səbail”də Müşahidə Şurası var. Şurada futbol adamlarının toplanması isə yaxşı haldır. Sədr Əbdülqəni Nurməmmədovdur ki, ağlı kəsəndən futbol deyib oyanır, futbol deyib yatır. Eləcə də Cahangir Həsənzadə və Firuz Abdulla. Düzdür, Müşahidə Şurası kluba maliyyə ayıran deyil, bu səbəbdən ciddi səlahiyyətləri də yoxdur. Amma istənilən halda məsləhətləşmə zamanı futbol adamını dinləmək bəstəkar və ya şairi dinləməkdən daha yaxşıdır. 

Stadion

Elitaya gələn klubun özünəməxsus və özünü doğma hiss etdiyi bir stadionu olmalıdır. “Səbail” bundan məhrumdur. Klubun ev oyunlarını keçirdiyi “Dalğa Arena”da millilər, aşağı yaş qrupları, eləcə də digər klublar istifadə edir. Bundan əlavə, “Dalğa arena” bəlkə də təcili yardım funksiyasını yerinə yetirir. Kimin işi çətinə düşür, üz tutur “Dalğa arena”ya.  Belə stadiondan isə heç vaxt doğma məkan olmaz, ola bilməz. Doğma məkan klubla yanaşı, azarkeşlərin də bir məbədi olmalıdır. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu kimi, Zaqatala şəhər stadionu kimi, artıq fırtınasından bir əsər əlamət qalmayan Lənkəran şəhər mərkəzi stadionu kimi...

Düzdür,  “Səbail” təmirdən sonra “Bayıl Arena”ya qayıdır. Amma  kluba orda sadəcə oyunlarını keçirməyə imkan versələr böyük şeydir. Çünki “Bayıl Arena” hər zaman mənasız layihələrin  həyata keçirilməsi üçün  məkan olub. 

Samir Əliyev amili

“Səbail”in hazırda ən böyük üstünlüyü bəlkə də məşqçilər korpusudur. Komandaya Azərbaycan futbolunun öndəgələn simalarından olan Samir Əliyev rəhbərlik edir. Samir Əliyev həm futbolçu, həm də  şəxs kimi hər zaman yüksək sözlərə layiq olub. “Neftçi”nin əvəzedici heyətindəki işi ilə  gündəmdə olan Əliyev artıq elita səviyyəsində bir işin öhdəsindən gəlməlidir. Öz köməkçiləri Səttar Əliyev və Vitali Kovalyovla birgə. Samir Əliyevin digər üstün tərəfi odur ki, ona diktə etdirmək çox çətin məsələdir. Yəni rəhbərlik nə desə “ok” deyən məşqçilərdən deyil. Bu isə nəinki bir məşqçi üçün, ümumiyyətlə şəxs üçün bir üstünlükdür. Samir Əliyev futbolçu kimi özünü sübut edib, məşqçi kimi ilk addımlarını atan zaman isə öz bilikləri ilə hərəkət etməsi və işinə heç kimi qarışdırmaması tam haqq etdiyi məqamdır. Təki həmişə belə olsun. 

Reallıq

Düzdür, “Səbail” Premyer Liqada oynamaq üçün əksər kriteriyalara cavab verir. Maliyyə durumu normal olan komandanın,  oyun keçirmək üçün arenası, əvəzedici heyəti, aşağı yaş qrupları üzrə kollektivləri var. Amma “Səbail” nə “Turan”dı, nə “Xəzər Lənkəran”dı nə “Simurq”du. Məlum rəngləri var, amma çempionata rəng qatmaq bacarığı yoxdu. 

Mənbə: Futbol11.az