wrapper

Bu dəqiqə ən çox düşündüyümüz məsələ odur ki, necə edək, Robert Prosineçkini Azərbaycanda saxlayaq və ona daha sərfəli şərtlərlə müqavilə imzalatdıraq, 1 milyon 200 min azdı, 2 milyon verək. Nədi, nədi, millimizdə oyun səviyyəsi artıb,  həmin tempi saxlayaq...

Biz ilin günün bu vaxtında, əslində dünya çempionatına getməli olduğumuz məqamda milyonları xərcləyib, Çexiyanın qapısına vurulan qola seviniriksə, yarıhəvəskar San Marionunu məğlub etdiyimizə görə mükafat veririksə və bunu lazimi orqanlara böyükhesablı qələbə kimi təqdim edib, böyük mükafatlar ayrılmasını istəyiriksə, vay halımıza. Öz qapımıza qol vurmuş kimi oluruq...

Azərbaycan milli komandasının qrupda 5-ci yeri tutması qaranti etdiyi nəticədir. Biz bunu evə avtobusla gedib-gələn, köhnə Bakı küçələrində 1 manatlıq çay içib, sınıq-salxaq otellərdə qalan Əsgər Abdullayevlə, Şahin Diniyevlə, Ağasəlim Mircavadovla da etmişik, ən bahalı restoranlarda yemək yeyən, ən lüks otellərdə qalan və cibini milyonlarla doldurub gedəndən sonra ağzına gələni danışan Berti Foqtsla da, Robert Prosineçki ilə də...

İndi sizin ixtiyarınıza buraxırıq, bizə milyonların qənimi olan baş məşqçilər lazımdırmı?

Əlbəttə, futbolda legioner məşqçi mədəniyyəti var. Arayıb-axtarsaq bir çox yığma komandalara qeyri-millətdən olan mütəxəssislər rəhbərlik edir. Amma bunun üçün ilk növbədə futbolçu potensialı olmalıdır. Peşəkar futbolçu isə öz-özünə yetişə bilməz. Əlbəttə, istedad  Allah tərəfindən verilən bir vergidir. Amma istedad heç vaxt tam,  püxtələşmiş olmur. Ən uğurlu ideyaların üzərində belə çalışmaq lazımdır. Əgər istedadı beşikdə,  boğuruqsa, biz hansı peşəkarlıqdan danışırıq? Azərbaycan futbol ailəsinin nə bilim filanıncı üzvü yazmaqla deyil, olmur, mümkün deyil. Nə vaxtdan kəmiyyət keyfiyyətin göstəricisi olub. Sənin 30 min top dalınca qaçanın ola bilər, amma milli komandanı quracaq, beynəlxalq arenaya çıxacaq 100 futbolçun yoxdursa, deməli işin düzgün deyil... 

Sözsüz, bu, futboldur. Amma həyatın bütün məqamları üçün xırda məqamlar çəkmək olar. Əgər sənin evinin bünövrəsi möhkəm deyilsə, bunun ən kiçik ballı zəlzələdə aşacağı şərtdir. Bəli, bu gün Azərbaycan milli komandası təkərləri olmayan maşın markası kimidir. Bizim Prosineçkimiz var, Bakı Olimpiya Stadionumuz var, pulumuz var... Aha, nə olsun? Bəs, kifayət qədər futbol oynayanın varmı? Yoxdur. Vallah yoxdur. Biz milli komandanın hücumçusunu, sol cinah müdafiəçisini illərdi axtarırıq, tapa bilmirik. Bir Bədavi Hüseynov zədələnir, oturub fikirləşirik ki, Ay Allah, bu nə bəla idi, düşdük? Necə olacaq, bu işlərin axırı. Amma milli bir başqa anlayış olmalıdır. Hər kəsin gözü orda olmalıdır, hər kəs bu millinin potensial üzvü olmalıdır. Təəssüf ki, bizdə futbolçu kütləviliyi yoxdur, futbolçu tapa bilmirik.

Səbəb? Səbəb odur ki, Azərbaycan futbolunun beşikləri sayılan regionlarımız faktiki olaraq  idmanın şahına həsrətdir. Sözsüz, balıq susuz qalmır, su da balıqsız birtəhər axır. Amma hər hansı bir idman idarəsindən 200 manat alan məşqçi necə futbol barədə, futbolçu yetişdirmək barədə düşünə bilər, mümkündürmü? Mümkün deyil.

Çox təəssüf ki, böyük futbol ölkərlərinin ciddi sərmayə yatırdığı, ən güclü mütəxəssisləri cəlb etdiyi və çox keçmədən nəticəsini gördüyü uşaq futboluna Azərbaycanda çox biganə yanaşırlar. Aşağı yaş qruplarında uşaq psixologiyasını bilməyən və hansısa rəhbər şəxsə qohum olan şəxslər çalışır, kim iş istəyirsə, onu çəkirlər uşaq futboluna. Bu da bizim bədbəxtliyimizin əsasını qoyur. Hər zaman demişik, indi də deyirik. Məşqçi olan şəxsin vaxtilə futbolçu olması işin yarısı deməkdir. Amma uşaq psixologiyasından xəbərdar olmayan adamları bura cəlb etmək olmaz.

Biz milyonlar verib hansısa əcnəbini bura gətirməkdənsə, həmin məbləğin yarısını xərcləyib sayılıb-seçilən azərbaycanlı bir neçə gənc məşqçini futbol akademiyaları ilə fərqlənən klublara uzunmüddətli praktikaya göndərib, mütəxəssis qazanmaq olmazmı? Əlbəttə olar. Bunun üçün ilk növbədə öz şəxsi maraqlarını, futbolun, ölkənin maraqlarından üstün tutmamalısan. Əgər bir işdə şəxsi maraqlar ön plandadırsa, o zaman kollektivin uğurundan danışmaq olmaz. 

Nə qədər milyonlarlar xərcləyib hansısa əcnəbini bura gətirəcəyiksə, planlı-sistemli iş görməyəcəyiksə, elə hər zaman  üstü bəzək, altı təzək olacağıq. 

Bütün aşağı yaş qruplarımız yenə indi olduğu kimi beyəlxalq arenaya çıxıb çox böyük hesabla məğlub olacaq, yenə həmin məşqçiləri göndərib, yerinə yenisini gətirəcəyik, yenə uduzacağıq, yenə məşqçi dəyişəcəyik... Bir də görəcəyik ki, pul da tükənib, ortada isə heç nə yoxdur... 

Mənbə: Futbol11.az

 

  

 

  

Son redaktə Çərşənbə axşamı, 24 Oktyabr 2017