wrapper

Qədərimizi yazan ilahi qüvvə var, buna şübhəmiz yoxdu. Amma bu qədərin həyatın boyunca redaktə edilməsi öz əlimizdədi. Yəni əgər sən əyri yoldasansa, buna ilahi qüvvə nə edə bilər? Yox əgər sən düz yoldasansa, onsuz da ilahi qüvvənin məsləhət bildiyi budu. İnsan başına gələnlərin əsas səbabkarı, baş rol ifaçısıdır, heç şübhəsiz ki, bu belədir.

Vaxtilə  hər hansı bir nəticəyə imza atıb, bu gün heç bir iş görməyib elə həmin nəticəsi ilə öyünən adamlar var. Həmin adamlar düşünürlər ki, vaxtilə hər hansı bir uğurun qazanılması elə bütün həyatın sığortası deməkdir. Olmur, həyatı belə yaşamaq, həyata belə yanaşmaq ən yaxşı halda tənbəl adamların işidir.

Vaxtilə dünyaya səs salıb, olimpiya və ya dünya çempionu olub, bayrağımızı ölkə xaricində fəxrlə dalğalandıranlar bəlkə də bu nəticə ilə ömür boyu öyünə bilərlər. Amma ölkədaxili yarışda hər hansı bir nəticə insana ömür boyu fəxr haqqı verirmi? Bizcə vermir. Həm də bu nəticəni yeri gəldi-gəlmədi hər yerdə demək, bunu bayraq etmək ümümiyyətlə peşəkar idmançıya yaraşmır...

Bu tip insanlardan biri də Faiq Cabbarovdur. Onun karyerasına, vaxtilə ölkənin ən yaxşı oyunçusu seçilməsinə, Azərbaycan millisinə ara-sıra dəvət almasına sözümüz yoxdu. Amma əgər bu gün Faiq Cabbarov federasiyada, klubda qəbul olunmursa, bu, ilk növbədə onun öz günahıdır.

Həyatda hər kəsin seçdiyi bir yol var. Kimi  ustadır, kimi sürücüdür, kimi jurnalistdir, kimi də futbolçudur. Normal düşüncəyə sahib olanlar hər zaman öz sahələrində öncül olmağa cəhd edənlərdir. Bu da həyatın tələbidir, insanın öz qarşısına qoyduğu öhdəlikdir. Yəni sən öz sahəndə irəli getmisənsə, çox gözəl. Amma bu o demək deyil ki,  bütün qapılar sənin üzünə açıq olmalıdır.

Cabbarov bu yaxınlarda AFFA-dan təqaüd tələb edib. Hansı xidmətlərinə görə? Ümumiyyətlə, Cabbarov bu yaşında təqaüdü haqq edirmi? Dəfələrlə həbsdə yatan, həyatı ilə örnək olmayan,  futbolun inkişafına bir qram da olsa töhfə verməyən şəxsin  təqaüd tələb etməyə necə dili və ya üzü gəlir?

Onun yeri gəldi-gəlmədi orda burda danışması, döymədiyi qapı qoymaması həm də Azərbaycan futbol veteranlarının adına xələl gətirir.

Mənbə: Futbol11.az