wrapper

Beynəlxalq turnirdə milli komandamızla qarşılaşacaq İran millisi oyuna ciddi hazırlaşıb.

FİFA reytinqində “10-luq”da qərarlaşan 4 komandanın iştirakı ilə keçiriləcək turnirə uğurlu start vermək haqda düşünən İran yığmasının qapıçısı Sepahr Mohammadi Futbol11.az saytının suallarını cavablandırıb.

- Sabah Azərbaycan millisi ilə qarşılaşacaqsınız. Bu matçla bağlı nə düşünürsən?

- Bu komanda nəyə qadir olduğunu qatıldığı yarışlardakı nəticələri ilə sübut edir. Bizim onlarla oyun təcrübəmiz var. Son dünya çempionatında bir qrupda yer almışdıq. Kifayət qədər təhlükəli komandanız var. Sabah çox ağır, eyni zamanda maraqlı qarşılaşma baş tutacaq. 

- Kolumbiyadakı dünya çempionatında xallar yarı bölünmüşdü. Bu dəfə necə olacaq?

- Əlbəttə, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu dəfə azarkeşlərimiz də bizi dəstəkləyəcəklər. Öz evimizdə oynayırıq və bu amili lehimizə çevirməliyik. Yenə də deyirəm, asan olmayacaq.

- Hansı oyunçu yaddaşınızda təhlükəli, istənilən an oyunun taleyini dəyişə bilən sima kimi qalıb?

- Adlarını sadalaya bilməyəcəm. Amma həmin oyunçular indi də burdadırlar. Bayaq onlar məşqə gedən zaman gördüm. Biri 3 nömrə (Tyaqo) idi, digəri isə 10 nömrə (Vassoura) altında çıxış edirdi. Bu oyunçular istənilən an matçın taleyini dəyişə bilər. Onları gözdən uzaq buraxmaq olmaz. Digər oyunçulara da hörmətimiz var. 

- Hansı komandanı favorit hesab edirsən?

- Komandaların hər biri güclüdür. Belə ortamda qəti fikir bildirmək, aşkar favorit adı qeyd etmək mümkün deyil. İştirakçıların istənilən biri burdan qalib ayrıla bilər. Ancaq həmin komandanın biz olmasını istərdik. Yaxşı hazırlıq keçmişik, özümüzü rahat hiss edirik. Doğma meydan amili də bizim xeyrimizədi. 

Son redaktə Bazar, 03 Dekabr 2017