wrapper

Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Atletiko" səfərdə "Çelsi" ilə 1:1 hesablı heç-heçə edib. Bu nəticədən sonra "Çelsi" ÇL-in 1/8 finalına vəsiqə qazanıb. "Atletiko" isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Futbol11.az xəbər verir ki, Londonda baş tutan görüşdən sonra Madrid klubunun baş məşqçisi Dieqo Pablo Simeone oyunla bağlı fikirlərini bölüşüb. Argentinalı mütəxəssis bildirib ki, qrupda qalmalarına səbəb "Qarabağ"la oyunlarda itirilən 4 xal olub: "Oyunçularım və komandamla qürur hissi keçirirəm. Biz əsl rəqabət aparan komanda olduğumuzu nümayiş etdirdik. Oyunçularım 90 dəqiqə layiqli mübarizə apardılar. "Roma"nın ikinci hissədə hesabı açması xəbərini eşidəndə belə hücumlarımızı davam etdirirdik. Son iki oyunda qrupda 4 xal toplamaqla yaxşı komanda olduğumuzu göstərdik. Ancaq "Qarabağ"la oyunlarda 4 xal itirməyin cəzasını çəkdik".

Qeyd edək ki, "Atletiko" "Qarabağ"la Bakıda 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə etmişdi.