wrapper

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Peru – Kolumbiya matçının danışmış olması iddiası ortaya çıxıb. Futbol11.az xəbər verir ki, Cənubi Amerika seçmə zonasının son tutunda hər iki ölkənin mundiala vəsiqə qazanmaq şansı var idi.

İkinci hissənin ortalarında hesab 1:1 olarkən meydançada maraqlı hadisə yaşanıb. Qonaqların ulduz futbolçusu Radamel Falkao əlini ağzına tutaraq perulu futbolçularla nələrisə müzakirə edib. Bu görüntü oyunun içində nəticənin razılaşdırılması iddiasının ortaya atılmasına səbəb olub. Belə ki, paralel keçən digər matçların nəticəsinə əsasən 1:1 hesabı Peru və Kolumbiyaya sərf edirdi. Tərəflərdən birinin qələbəsi digərinin mundial şanslarının itməsi demək idi.

Falkao iddialara belə cavab verib: “Biz digər matçda nələr baş verdiyini bilirdik. Ona görə də perulu futbolçulara hər iki komandanın 1 xal qazanacağını deyirdim”.

Peru yığmasının üzvü Renato Tapiya isə maraqlı açıqlaması ilə diqqət çəkib: “Son beş dəqiqədə kolumbiyalılar bizə digər oyunlarda nə olduğunu dedi. Beləliklə, biz oyunu lazım olan şəkildə bitirdik ... Radamellə danışdım. Nəticənin hər iki komandaya sərf etdiyni dedi. Amma bu futboldu. Qələbə qazanmaq üçün oynayırıq”. 

Qeyd edək ki, qeydə alınan nəticədən sonra Kolumbiya mundiala, Peru isə pley-offa vəsiqə qazanıb. Maraq üçün bildirək ki, Peru sonuncu dəfə DÇ-də 1982-ci ildə iştirak edib. 

Son redaktə Cümə axşamı, 12 Oktyabr 2017

Media