wrapper

Azərbaycan futbolu yeni-yeni iməkləyən körpədisə, fəaliyyət göstərdiyi vaxtdan indiyədək onun haqda yazanların yetişdiyi "Futbol+" qəzeti bir akademiyadır.
 
Oktyabrın 21-də 19 yaşını qeyd edən nəşrin o qədər yetirməsi olub ki, saymaqla bitmir. Vaxtı ilə sözügedən qəzetin şinelindən çıxanlar indi istər ölkə futbolunda, istərsə də müxtəlif sahələrdə öz adlarından söz etdirirlər. Kimisi sayt açıb, ona rəhbərlik edir, kimisi televiziyada, kimisi səfirlikdə, kimisi də futbol klublarında çalışır. Ölkədə hər şey dəyişir - iqtisadiyyat, futbol, münasibət... Orada işləyənlər belə dəyişir. Kimlərəsə artıq "Futbol+"in ölçüləri dar gəlir, kimlərsə də özünü başqa sahələrdə görür. Amma "Futbol+" sabit olaraq qala bilir. Və dəyişməyən bir nəfər var - Mahir Rüstəmli!
 
Onların əlinin çörəyə çatmasında 19 illik qəzetin baş redaktorunun rolu danılmaz faktdı. Bu səbəbdən Mahir bəyi Futbol11.az-ın redaksiyasına dəvət edib, keçməkeşli illərdən danışdıq. Təkcə son sualı biz verdik, onu sorğu-suala tutanlara isə "Futbol+"in sabiq əməkdaşları oldu. Beləliklə, 19 illik keçmişə boylanaq...
 
Natiq Muxtarlı, (Komanda.az ) - Xaraktercə çılğın, məğlub olmağı sevməyən Mahir Rüstəmli bu qədər jurnalistlə yola getməyi, söz azadlığına xəyanət etməməyi necə bacarıb? Axı, bu məsələlərdə hərdən güzəşt də tələb olunur.
- Görünür, xarakterimdə hansısa cəhət var ki, Natiq bəyin də dediyi kimi, bu qədər jurnalistlə yola getmişik. Əlbəttə ki, belə idarəçiliyi bəyənməyənlər də olub. Demək olmazı ki, "Futbol+"in həyatında hər şey rəvan gedib. Demokratiyada hər zaman çıxış yolu tapılır. Əsas məsələ hər zaman o olub ki, reportyorun qəzetdə çalışdığı müddətdən, statusundan asılı olmayaraq, fikrinə qulaq asmışam. Əgər ağıllı, məntiqli dəlil, müddəa tapmışamsa, ona yaşıl işıq yandırmışam. Bəzən "Futbol+"də daxili demokratiya ifrat həddə olur. Bizim redaksiyada baş redaktorun otağı şərti xarakter daşıyır. Hər kəs, hər zaman gəlib bəzən qapını döymədən də içəri keçə bilər. 
 
Anar Şabanoğlu, (Sərbəst yazar)- Mahir Rüstəmlinin yaxşı "şkola"sı olub. Bir dəfə sayəsində mənə Türkiyəylə səfər matçımızı "krosna"ların az olduğu vaxtda Zeynal Məmmədlinin evində izləmək xoşbəxtliyi nəsib olub. Zeynal müəllimin o zaman səhv etmirəmsə, Turqut adında oğlu var idi. Zeynal müəllim inanılmaz qonaqpərvər, əfəndi və ziyalı bir insandı. Hıncal Ulucun universallığından misallar gətirirdi. Mənim kimi yeniyetmə üçün bu söhbətlər unudulmaz idi. Ağzımı açıb dinləyirdim. Mahir müəllimin həm peşə, həm həyati baxımdan (Kələki səfərindən də həmişə uşaq sadəlövhlüyü və böyük nostalgiyayla danışır) yaxşı müəllimləri olub, ailə tərbiyəsi və yəqin ki, ətraf mühit də öz yerində. Amma bu haqda daha ətraflı özü danışsa, yaxşı olar. Yaxşı müəllim və gözəl insan olmaq üçün (əslində yaxşı müəllim öncə yaxşı insan olmalıdı) nə lazımdı. Məncə bu, aksiomadı. Mahir Rüstəmlini Mahir Rüstəmli edən müəllimlər, valideynlər, ətraf mühit, Kələki səfəri, ümumiyyətlə nə və kim olub? Mahir Rüstəmli mənə 16 yaşında etimad göstərib, klaviatura arxasında yazılarımı redaktə edib, "belə yox, belə yazmaq lazımdı" öyrədib. Planlaşdırmalarda ictimai mövqe, demokratiya necə olmalıdı dərsi keçıb. Həyat yolu ilə ideal vətəndaşlığın əyani örnəyini verib. Yaşından, savadından, səviyyəsindən asılı olmayaraq, hər kəslə eyni dərəcədə səmimi olub, işçiləri ilə dostluq münasibəti qurub. Elçibəy o vaxt Mirşahinə müsahibəsində demişdi ki, "biri var sadəlik, biri var sadəlövhlük". Azərbaycanlılar deyir "sadəlik sultanlıqdı", ruslar isə əksini düşünür: "sadəlik axmaqlıqdı" söyləyirlər. Amma mən çox dərinə getməyib Mahir bəydən müəllimliyin sirrini soruşmaq istəyirəm. İllərdir bir ölkədə həm peşə, həm insanlıq baxımından bir sahənin ən böyük müəllimi adını qazanmaq üçün nə lazımdı? Konkret olaraq, idman jurnalistikasında böyük müəllimlik necə olur, ilk növbədə nə öyrətməlisən, hansı məqamlara diqqət etməlisən ki, yetirmələrin televiziya, radio, sayt, qəzet, idman klubları və federasiyalarda ən dəyərli kadrlara çevrilsin? Məncə, bu sualın cavabı idman jurnalistikasında olan və bu sahəyə maraq göstərən hər kəsə çox maraqlı olacaq...
- Bu sual daha çox köşə yazısına oxşadı. Əslində, Anar çox məsələyə toxunub. Hamısına birdəfəlik cavab verə bilmərəm, amma bəzi ümumi məqamları deyəcəm. Heç şübhəsiz ki, ailə tərbiyəsinin rolu var. Mən gözümü açandan qəzet, kitab içində böyümüşəm. Böyük qardaşım və bacım pedaqoq olub. Evimizdə qəzetin oxunulmasını erkən yaşlarımda görmüşəm. Əmim də poçtalyon idi. Bütün qəzetləri bölürdük. Nəinki yerli, hətta "Правда", "Известия", "Комсомольская правда", "Труд", "Аргументы и факты", "Красная звезда", "Социалистическая индустрия", "Советский спорт" kimi qəzetləri oxuyurdum. O vaxt abunə sistemi var idi. Hər kəsin evinə çatmazdan əvvəl demək olar ki, Azərbaycan və rus dillərindən asılı olmayaraq, bütün qəzetləri oxuyub bitirirdim. Eyni zamanda çoxlu kitab mütaliə etməyə çalışırdım. Təbii ki, orta məktəb müəllimlərim də nəcib keyiyyətlərin əsasını qoyub. Bundan başqa BDU-da aldığımız jurnalist təhsili və orda hər müəllim faktiki böyük şəxsiyyət idi. Tofiq Rüstəmov, Şirməmməd Hüseynov, Famil Mehdi, Zeynal Məmmədli, Akif Rüstəmov və adını çəkmədiyim onlarla müəllimim olub. Onlardan nəsə müsbət kefiyyətlər götürmək bəs edirdi ki, şəxsiyyət kimi formalaşasan. Pedoqoji kefiyyətlərim var. Ailədən genetik bəzi şeylər keçib. Amma tam da özümü pedoqoq kimi təsəvvür etmirəm. Nəyəsə nail olmuşamsa, ilk növbədə bunda inadkarlığın rolunu qeyd edərdim. Dəqiqlik və həyatın heç bir anında ruhdan düşməmək, silahı yerə qoymamaq da önəmlidi. "Futbol+"in elə çətin anlar olub ki... Tutaq ki, redaksiyada işıq yanmayıb, amma gecə qəzeti mətbəəyə verməlisən. Kompyuteri qoltuğuma vurub, gedib Təbriz küçəsində hansısa bir həyətə girməyə çalışmışam ki, elektrik tapıb, işləyim. Bildiyiniz kimi, o vaxt "notebook" da yox idi. Elə olurdu ki, binanın yuxarı mərtəbəsindən rus "alkaş" aşağı butulka atırdı ki, həyətimizdə nə gəzirsən? Belə məqamlar da olub. Həqiqətən də çətinliklər çox olub. Elə vaxt da olub ki, işçilərimiz daha sərfəli təklif qarşılığında iş yerlərini dəyişiblər. Məsələn, Vüsal Mahmudov əsgərliyə yollanıb. Digər işçilərimiz gediblər. Nəticədə o boyda qəzetin yükü 1-2 işçinin çiyinlərində qalıb. Buna baxmayaraq, çalışmışıq ki, qəzet işıq üzü görsün. Bu qəzet sanki istehsal sahəsidi. Qəzetin buraxılışı dayandısa, yenidən oxucu yığmaq çətin məsələyə çevrilir. Mən heç bir halda qəzetin dayanmasına imkan verməmişəm. Bizdən əvvəl də, sonra da idman, futbol qəzetləri çıxıb. Lakin onlar bəzi məqamlarda çətinliklərdən qorxdular, çəkindilər. Bəziləri başqa oyunların qurbanı olub, meydandan çəkildilər. Təbii ki, belə məqamda inadkarılıq tələb olunurdu, yola davam etmək lazım idi. Yəqin ki, Elnur Məmmədlinin "facebook"dakı statusunu oxumusuz. Vaxtı ilə 3 aylıq maaşımız donduruldu, həmin pulları heç almadıq da. Amma biz onda kollektivi atıb getmək barədə düşünmədik. Bir də mənimlə çalışan hər kəsdən dəqiqliyi tələb edirəm. Sizinlə görüşə 5-6 dəqiqə gecikdim. Bu, özlüyümdə mənə çox pis təsir etdi. Həyatda da orta məktəb illərindən planlı şəkildə hərəkət etmişəm. Özüm üçün bu gün hansı işləri görəcəyimi planlaşdırmışam. Mənim üçün almanların qiymətləndirdiyi dəqiqlik kefiyyəti çox vacibdi. Dəqiq olmadan uğur qazanmaq çətindi.
 
- Bir vəzifəli dostumuz həmişə deyir ki, Mahirin yerinə olsam, Rövnəq Abdullayevin və ümumiyyətlə, futbol, idman, jurnalistikada olan ən mötəbər məmurların stolunun başında oturardım. Mahir isə elə 20 il əvvəlki Mahirdi. Geyimindən tutmuş dəyişməz mövqeyinəcən. Deyir, Mahir kənd idimindən çıxa, zəmanə ilə ayaqlaşa bilmədi. 40 yaşdan sonra da Mahir Rüstəmli özünü Yardımlı rayonunun Gölyeri kəndinin sadə uşağı kimi hiss edir, yoxsa doğrudan da müstəqil Azərbaycanın idman jurnalistikasının ən böyük müəllimi, yetirmələriylə ən azı elə bu sahəni az qala monopoliyaya almış qəzeti və təbii ki, özü istənilən halda tarixdə qalacaq miqyasda dahi bir şəxsiyyət kimi?
- Vallah, müstəqil Azərbaycan jurnalistikasının "Ən böyük müəllimi" çox böyük ifadədi. Məncə, Anar bəy burada bir az da mübağiləyə yol verib. Məndən əvvəl də idman jurnalistikasında saç ağardanlar, böyük imzalar olub. Aqşin Kazımzadə, Şakir Yaqubov, Məzahir Süleymanzadə, Oktay Ağayev, Şamil Şahməmmədov, Mirpaşa Miriyev və digərlərinin adlarını çəkə bilərəm. Mənə belə ad qoymaq bir qədər çətindi. Özümü sadəcə, müstəqil Azərbaycanda idman jurnalistikasının inkişafı yolunda müəyyən bir əməyi keçən biri kimi hesab edirəm. Düzdü, müxtəlif sahələrdə yetirmələrimiz var. Onların xoş soraqları bizləri də sevindirir. O ki, qaldı kənd adamı, kənd imicində qalmağa... Bilirsiz, mən sadəyəm, amma sadəlövh deyiləm. Artıq insanlarla 5-10 dəqiqə söhbət edəndə, onların içi mənə bəlli olur. Bu, futbolda daha yaxşı kefiyyətdi. Sadəlövh olmaqla az qala 20 il ərzində belə kollektiv idarə etmək, qəzeti ayaqda saxlamaq razılaşın ki, mümkün olmazdı. Məndə pis mənada sırtıqlıq da yoxdu. Yalan danışmağı da heç bacarmıram. Gedib kiminsə stolunu ələ keçirmək, çağrılmadığım yerdə masanın başına keçmək kimi kefiyyətlər məndə yoxdu. Bəlkə də bu, kənd mühitindən qalan hisslərdi. Kənddə hamı bir-birini tanıyır, doğmalıq mühiti var. Bu mənada bəzi kefiyyətlər qalıb. İnanmıram ki, 40 yaşından sonra insanın xarakterində dəyişiklər olsun. 
 
- "Yenilik yaxşı şeydi - yeri gəlmişkən, "Futbol+"da qrammatik qaydalara zidd olmasına baxmayaraq, dilə yatımlı olduğu üçün -dır,dir,dur,dür-ün "r"ni yazmırlar - amma ənənə olmasa, yeniliklər itib batar. "Futbol+" ənənəyə çevrilməyi bacarıb". Bunu Nail Kərimov təbrik statusunda yazmışdı. Mən "CBC Sport"da işləyəndə mətnləri bu tərzdə yazırdım. Bu anlaşılmaz və elementar səhv kimi qəbul olunurdu. Amma məsələn ATV Xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə söhbətlərdə o həmişə deyir ki "mışdır, muşdurdan çoxdan əl çəkmək lazımdı". Mahir müəllim 19 il əvvəl 21 yaşında bu "qrammatik inqilabı" özü başlatdı, yoxsa bu tendensiya daha əvvəldən vardı? Və bu prosesin üstündən iki onillik keçəndən sonra nəyə nail olundu?
- Dil də canlı orqanizmdi, daim yenilənir, inkişaf edir, leksik tərkibinə yeni sözlər daxil olur, uzun müddət işlənməyən sözlər avtomatik canını tapşırır. Təbii ki, biz də ismi xəbər şəkilçisi olan –dır, -dir, -dur, -dür-ün "r”-ni yazmamağın orfoqrafik qaydalara zidd olduğunu bilirik. Bununla belə, diləyatımlı forması r-siz variantdı. İndi ölkədə çoxları artıq bizim kimi yazır. Özü də dediyiniz "inqilab” bircə şəkilçinin şəkil dəyişikliyi ilə məhdudlaşmayıb. "Futbol+”də çoxdan "digər”i "başqa”, "digərləri”ni "başqaları” əvəzləyib. Və ya şərt budaq cümləsinin içində "isə” varsa, əvvəldə işlənən "əgər”i çoxdan yığışdırmışıq. Ümumiyyətlə, dil normalarına münasibətdə vahid yanaşmamız var: ərəb-fars tərkibli, "ölü” xarakterli ifadələrdən maksimum dərəcədə çəkinmək, gündəlik həyatda, məişətdə bir-birimizlə necə danışırıqsa, elə də yazmaq və danışmaq. 

Vaqif Heydərli, (FIFA agenti) - Futbol+ olmasaydı, Mahir Rüstəmli kim olardı və ya "Futbol+" sizin üçün nə deməkdi?
- 3 bioloji övladım varsa, "Futbol+" dördüncü balamdı. "Futbol+" olmasaydı da, yəqin ki, bu sahədə olardım. Mənim üçün ictimai-siyasi jurnalistika da cəlbedicidi. Bütün siyasi debatlarda, hərəkatlarda olmağı xoşlayıram. Siyasətdən yazan jurnalistlərə bəzən deyirəm ki, "sənin yerinə olsaydım, bunu elə yox, belə yazardım". Bunu qəbul edənlər də olur, etməyənlər də. Bəzən özünü çox böyük jurnalist sayanlara deyirəm ki, mən bunu 93-94-cü illərdə reportyor kimi sınamışam. Birgə işin ən mükəmməl nümunələrini Natiq Zeynalovla ortaya qoymuşam. İki reportyorun birgə çalışmasını nəzərdə tuturam. Təkcə müsahibəni nəzərdə tutmuram. Müsahibə çox sadə janrdı. Məsələn, razılaşırsan ki, mən tərifi suallar verərəm, sən də tənqidi. Belə olan halda intriqa yaranırdı. Biz birgə reportaj, araşdırmalar da yazmışıq. İndi birgə işin nümunələrini az görəndə təəssüf hissi keçirirəm. Jurnalistlər bir-biri ilə birləşib, daha yaxşı işlər ortaya qoya bilərlər. Suala cavab olaraq, düşünürəm ki, jurnalistikada olardım, amma statusum belə yox, fərqli olardı.
 
- Özəl xəbər, yoxsa yaradıcı yazı? Sizcə, müasir Azərbaycan oxucusu üçün hansı daha maraqlıdı?
- Sayt jurnalistikasına görə özəl xəbərlər, lakin bizim kimi qəzetlər üçün təhlil, araşdırma yazılar daha yaxşıdı.
 
Ceyhun Əliyev, (Futbolinfo.az) - Sabiq "Futbol+"-çilərdən ən çox hansını yenidən redaksiya heyətində görmək istəyərdi?
- Bu, intiriqalı sualdı. Anar Şabanoğlu oktyabrın 20-də "facebook"da "Futbol+"-çilər qrupu" yaradıb. Artıq 90-a yaxın üzvü var. Qarşıdakı günlərdə bizdə çalışmışların hamısı yığılandan sonra 150-ə yaxın heyət olacaq. Bu qədər adam arasından 3 nəfəri seçmək mənim üçün çox çətindi. Amma bütün hallarda bunlardan biri İlkin Xəlilov olardı.  
 
Vüqar Xiləli, (Apasport.az) - "Futbol+"in arxada qalan 19 illik dövrünü dəyərləndirib, ilin fəsillərinə bənzətsəz, hansı illəri bahar, hansını yay, hansını payız, hansını qış adlandırardız?
- Mənim üçün çətin sualdı. Öncə təhlil etməliyəm. Əsas odur ki, fəaliyyətimizdə yay, yaz, payız daha çox olub, nəinki qış. Bu gün də hər halda bizim üçün qış  fəsili deyil. Qış daha çox çarələrin tükəndiyi, Allahın ümidinə qalındığı, yolların bağlandığı fəsildi. İndiki halda payız fəslinə bənzətmək olar - yarpaqları tökən, düşüncələrə səbəb olan fəsil... İndi gələcək perespektivlər, qəzeti daha necə kefiyyətli etməli, çap və elektron versiya arasında necə bağ yaratmalı haqda düşünməliyik. 
 
- Futbol klublarının baş məşqçilərinin rəqib haqda fikirləri adi hala çevrilib. Mahir müəllimin dilindən rəqiblərin dəyərləndirməsini eşitmək maraqlıdı. 19 ildə bəlkə 19 müxtəlif qəzet "Futbol+"in rəqibi olmağa çalışıb. Bəzilərinin ömrü qısa olub, bəziləri uzaq 90-cı illərdə qalıb, bəziləri "Futbol+" şinelindən çıxanlarla gücləndirilib, bəziləri rəsmi qurumların qəzetləri olub. Hansının fəaliyyətini dayandırmasına daha çox üzülmüsüz? Hansını daha ciddi rəqib qəbul etmisiz? Ümumiyyətlə, onların "Futbol+" ola bilməməsini nə ilə izah edərdiz?
- Sualların əksəriyyəti intiriqalıdı. Sadəcə, qorxuram ki, kimisə incidəm. Məsələn, "Çempion" qəzeti yaxınlarda məlum hadisələrə görə fəaliyyətini dayandırdı. Açığı, bu, məni çox üzdü. Çünki çox uzunömürlü qəzet idi. Ən azı qəzet həftədə 3 dəfə işıq üzü görürdü. "Çempion"un sıradan çıxması məni təəssüfləndirdi. Ən ciddi rəqib kimi isə Tural Əsgərovun baş redaktor olduğu dövrdə "Het-trik" qəzetini hesab edirdim. Orda əməlli-başlı ciddi mübarizə gedirdi. Bizə açıq-aşkar əlcək atırdılar. Onların hədəfi sanki bütün addımlarda "Futbol+"i qabaqlamaq idi. Ən ciddi mübarizə şərtlərini ən çox onlar təklif ediblər. Açıq davamız isə kim daha çox eksklüziv xəbər yazmaqla bağlı idi. Sonra isə onlarda daxili söz-söhbətlər, münaqişə baş verdi. Təbii ki, buna mənim qarışacağım yoxdu. Amma həmin dövrün mübarizə anları mənə çox maraqlı idi. O uşaqların əksəriyyəti "Futbol+"in şinelindən çıxanlar, idman jurnalistikasına mənim gətirdiklərim idi. Bəzi yanaşmaları məndən götürüb, bir az da özləri üzərinə əlavə etmişdilər. Çalışırdılar ki, bizi qorxutsunlar, çəkindirsinlər. O vaxt bir az da pulları çox idi. Bizim işçilərimizi öz qəzetlərinə cəlb etmək yolunda böyük addımlar atmışdılar. Əksəriyyəti də getməyə razılıq vermişdi. Cəmi 1-2 nəfər "mən heç bir halda Mahiri atıb, ora gedən deyiləm" demişdi. Bizdə Xəyalə xanım var idi, operator işləyirdi. Təsəvvür edin ki, onu da aparmağa çalışdırılar. Operator sadəcə, texniki işçidir. Aparıb, nə qazanacaqsan? Onu aparacaqsan, başqasını gətirəcəm. Yəni, belə-belə "Futbol+"i sıradan çıxarmağa çalışdırılar. Amma alınmadı. Müəllim nə deməkdi? Hər halda heç bir müəllim bütün fəndləri şagirdlərinə öyrətməz. Ehtiyatda hansısa fəndi saxlayar ki, zamanı gələndə ondan istifadə etsin.
 
İlkin Xəlilov, (ATV-in İdman Departamentinin rəhbəri) - Mahir Rüstəmli "Futbol+"də nələr üçün darıxır, qəribsəyir, arzulayır?
- Bizim Sona xanım adlı işçimiz var idi. İlkin də tanıyırdı, rəhmətə gedib. Özü ailə qurmasa da, biz hamımız onu ana kimi görürdük. O qədər doğma, o qədər canayaxın biri idi ki... Xəstələnəndə adama gətirib dərman verirdi. Kollektivdə tənzimləyici, süzgəc rolunu oynayırdı. Əvvəlki fotoqrafımız Cavanşirin də adını çəkə bilərəm. Texniki işçilərimizdən Yaşar Tağıyev, Zakir. Bizim əvvəllər futbol komandalarımız var idi. Öz aramızda yaratmışdıq. İbadulla kişinin "Məhsul" stadionunda hər həftə futbol oynayırdıq. Sonradan turnir cədvəli düzəltdik. Divar qəzetində heyətlər, dəyişiklər, fikirlər, açıqlamalar yazılırdı. Yəni, belə ilıq, dostluq, qardaşlıq münasibəti var idi. Növbəti həftəyə qədər çayxanada, redaksiyada oyunların müzakirəsi davam edirdi. Bax, bunlar üçün darıxmışam.
 
- "Futbol+" in 19 illik tarixində unuda bilmədiyi 3 məqam, an, hadisə?
- Çox çətindi. İlk sayımızın işıq üzü görməsi mənim üçün əsasdı. O bir hadisə idi. Qəzetin doğmalığı var idi. İlk sayımız Ç mətbəəsində işıq üzü görmüşdü. Onda 8 səhifəlik qəzeti iç-içə yığırdılar. Bu, xoş hiss idi. Bundan başqa bizim qəzetin sahibi Vüqar Məmmədovun həbs olunması və "Futbol+"in metro stansiyalarından yığışdırılması və qəzetə qarşı açıq sanksiyaları da unuda bilmərəm. Çox çətin dövr idi. Fikirləşirdik ki, pul tapa bilməsək, uşaqların maaşlarını, qonararları necə verəcəyik? Üçüncü məqam isə, məsələn "Apasport" yarandı, bizim 3-4 işçimiz birdəfəlik getdi. Daha sonra Vüsal Mahmudov əsgərliyə yollandı və qəzet tam olaraq kollektivsiz qaldı.
 
Kənan Məstəliyev, (Rekord.az)- 12 il əvvəl qəzetin ad günündə "Futbol+"ə həftədə 4 yox, 14 dəfə, yəni gündə iki dəfə çıxmağı arzulamışdım. Heç olmasa, gündə bir dəfə çıxmaq variantının yaxın bir neçə ildə reallaşması mümkündümü?
- Əslində, sizə deyim ki, Azərbaycan şəraitində hər gün qəzet çıxarmaq çox çətindi. Bu çətinlik heç də yaradıcılıq məsələsi ilə bağlı deyil. Bildiyiniz kimi, son vaxtlara qədər "Yeni Müsavat" və "Azadlıq" qəzetləri hər gün işıq üzü görürdü. Lakin qəzetlərin yayımı ilə bağlı çox ciddi problemlər var. Bu problemlər də bizdən qaynaqlanmır. Tutaq ki, yayım işi ilə məşğul olan təşkilatlar həftə sonları işləmək istəmir. Açıq-aşkar  deyirlər ki, bir yox, bir neçə qəzet çıxdığına görə həftə sonları işləmək istəmirik. Bundan başqa, yığmamızın və klublarımızın oyunlarından sonra tirajla bağlı qəfil dəyişiklər etmək istəyirik, amma bunu bacarmırıq. Çünki tirajla bağlı dəyişiklər o qədər bürokratik mexanizim yaradır ki, ən azı 10-15 gün əvvəldən müraciət etməlisən. Abunə sistemi də demək olar ki, işləmir. Son günlərdə abunəliklə bağlı müraciətlər alırıq. Bütün dünyada yayılan təcrübə var ki, ən gec halda səhər saat 9-10 radələrində qəzetlər abunələrə çatmalıdı. Ki, səhər yeməyində adam qəzeti oxusun. Paytaxt Bakıda belə, bu sistem mövcud deyil. Buna görə də qəzetin indikindən, yəni, 5 dəfədən artıq çıxarmaq mənim üçün çətindi. Yenə də qeyd edim ki, bu, yaradıcılıqla bağlı deyil. Bütün hallarda yaradıcı resuslar tapıb, bunu edərəm. Lakin yayımı ilə bağlı çox ciddi problemlər var.
 
Elnur Məmmədli, (CBC Sport) - Yaxşı maliyyə imkanlarına sahib olsanız, nəyə üstünlük verərdiniz: İnternet televiziya, idman radiosu, televiziya, sayt yoxsa, fərqli formada qəzetə?
- Yaxşı pulum və Azərbaycanda mühit olsaydı, yaradıcılığa heç bir qadağa olmasaydı, heç şübhəsiz ki, böyük telekanal yaradardım. Bu telekanal indikilərdən çox fərqli olardı.
 
- Pərviz Eltürk (Azerisport.az) -  19 il öncə bu qəzeti yaradarkən düşündüyünüz hədəfə çatmısız, ya o hədəflər hələ də əlçatmaz olaraq qalmaqdadı?
Hədəflərimizin bəzilərinə çatmışıq. Futbola gördüyünüz kimi, indi böyük diqqət, maraq var. Təxmini hesablamalarıma görə 40-dan artıq idman saytı fəaliyyət göstərir. Futbol artıq sənaye sahəsinə çevrilib. Düzdü, son vaxtlar maliyyə azalıb. Amma bir müddət elə bir bum yaşandı ki, azərbaycanlılar futboldan normal pul qazandılar. Bundan başqa nəticələr də dəyişdi. Futbol klublarımız güclənib. Əvvəllər stadiona gedəndə təmsilçimizin qapısından 3, 4, 5,6 qol keçəcəyinə hazır idik. Hamımız fikirləşirdik ki, 60-cı dəqiqədən sonra komandalarımız fiziki cəhətdən yorulacaq, ürəyimiz yatacaq, əsəb gərginliyi keçirəcəyik. Amma indi o hisslər yoxdu. Ən azı bir neçə halda ev oyunlarımızda qələbələr qazanırıq. Amma proses davamlı olmalıdı. İndikilərlə kifayətlənməli deyilik. Hesab edirəm ki, 10 illik dövlət proqramına görə xərclənilən pullar heç də adekvat olmadı. Yəni, daha böyük nəticələr qazanmaq olardı. Xüsusən də Berti Fotqsla yola verilən 6,5 il çox böyük dövr idi. Çox təəssüf ki, həmin dövrdə biz bir çox şeyləri əldən verdik. Mən o vaxt futbolla bağlı hədəflərimizə çatdığımızı deyə bilərəm ki, Azərbaycan yığması hansısa turnirin final mərhələsinə qatılsın. Bu, ya Avropa, ya da dünya çempionatı olmalıdı. Belə halda ölkədə futbola daha böyük maraq olacaq. Biz həm də ürəkdən sevinəcəyik ki, əziyyətlərimizin nəticəsini gördük.
 
- Nəinki futbol, idmanın hər bir növündə statistik göstəricilər önəmli əhəmiyyət daşıyır. Bəs, Mahir Rüstəmli 19 illik tarixə malik bu qəzetin şinelindən çıxmış, idman jurnalistikasının sirrlərini öyrətdiyi jurnalistlərin siyahısını tutubmu, statistikası ilə maraqlanıbmı?
- Onların bizdə bir çox tarixi ərizələri, sənədləri var. Əlbəttə ki, onların statistikası mövcuddur. Bizim müsabiqədən keçməyən, lakin bu gün ölkə idman jurnalistikasında olanların da ərizələri var. Yəni, "Futbol+"in tarixinə aid çox şey var.  20 illik yubileyə qədər onları sistemləşdirəcəyik.
 
Mehman Süleymanov, (Sportnet.az)Mahir müəllimin doğum günü qəzetin ad gününün sabahıdı. Onun tarixçəsini açmasını istərdim. Yəqin ki, ikisinin bir günə salınması təsadüf olmayıb. Bir də deyirlər ki, 40 yaşı qeyd etməzlər, düşər-düşməzi olur. Bu haqda nə düşünür?
- O vaxt qəzet "Hüriyyət"in idman əlavəsi kimi fəaliyyətə başladı. Orada da prosedur qaydaları belə idi: "Hüriyyət"in baş redaktoru məktub yazırdı, o vaxt Mətbuat və İnformasiya Nazirliyi var idi, orada qeydiyyatdan keçirməli idik. Qəzet oktyabrın 14-də, həftənin çərşənbə axşamı çıxmalı idi. Ayın 14-nə qədər icazəni ləngitdilər. Məsələ belə oldu. Nəticədə qəzet növbəti həftə, yəni, oktyabrın 21-də işıq üzü gördü. Mən isə ayın 22-də dünyaya gəlmişəm. Hərçənd ki, sənədlərdə oktyabrın 1-i qeyd olunub. O vaxt məktəbə getməyə görə elə ediblər. Çünki o vaxt qaydalar fərqli idi. Yəni, bu, sırf təsadüfdü. Elə bir niyyət olmayıb ki, qəzet bu gün çıxsın, sabah da mənim ad günümdü. Mən də eşitmişəm ki, 40 yaşı qeyd etmirlər. Amma qeyd edənlər də var. Ətrafımda elə oğlanlar var ki, onlar hər yaşın qeyd olunmasını istəyirlər. Təbii ki, bu il də məcbur etdilər ki, hansısa şəkildə qeyd olunsun.
 
- Atəş Sultanov, (İsveçrənin Azərbaycandakı səfirinin köməkçisi)- "Futbol+" qəzeti ilə Azərbaycan futbolunun tərəzidəki çəkisi arasıdnakı fərq nə qədərdir və hardan başlayır?
- Təbii ki, Azərbaycan futbolu "Futbol+”ə qədər də olub və başqa adamlar da səlnaməçiliklə məşğul olub. Sadəcə, biz işimizi müəyyən sistem əsasında qurduq, heç kimə lazım olmayan ölkədaxili yarışlar ətrafında böyük ajiotaj yaratmağa, yığmaya və klublara daha yaxın olmağa, hətta qaldıqları otellərə belə baş çəkməyə başladıq, Azərbaycan futbolunun legioner həyatı yaşayan yetirmələrini addım-addım izlədik, futbolçuları və məşqçiləri azərbaycanlı oxucuya daha yaxından tanıtdıq, bütövlükdə qovğalarla keçən AFFA prezidenti postu uğrundakı mübarizəni yaxından izlədik. Adamlara xarici futbol haqda keyfiyyətcə yeni xeyli material təqdim etdik və s. və i.a. Bir daha deyirəm ki, Azərbaycan futbolu ən azı yaşına-başına görə tərəzidə daha ağır gələr. Çəkilər arasında fərqə gəlincə, məncə, 2003-cü il dekabrın 29-da yaşanan Böyük Futbol İnqilabından sonra fərq daha da artmağa başladı. Həmin vaxta qədər biz futbol ailəsinin çox əziz qonağıydıqsa, futbola böyük pulların axını bütün jurnalistləri, eləcə də "Futbol+”i sanki milyonçuların bahalı əyləncəsinin 5-ci dərəcəli iştirakçısına çevirdi.
 
Nurlan İbrahimov, ("Qarabağ"ın mətbuat xidmətinin rəhbəri) - Atdığınız ən uğurlu və uğursuz manşet hansılardı? Hansı ki, sonradan "kaş manşeti belə seçərdik" deyə təəssüflənmisiniz...
- Ən təəssüfləndiyim manşet bu olub ki, Eduard Markarov "Futbol+"-ə müsahibə vermişdi. Cəlbedici sərlövhə də qoymuşduq. Amma iş burasındadı ki, həmin müsahibə fevralın 26-da dərc olunmuşdu. Bildiyiniz kimi, Markarov da ermənidi. Deyərdim ki, oxucuların çox ciddi təpkisi ilə üzləşdik. Açığı, özüm də təəssüfləndim və peşman oldum. Baxmayaraq ki, yazı olaraq çox maraqlı idi. Mən özüm də o söhbətdə iştirak etmişdim. Moskvada onu çox çətinliklə müsahibəyə razı salmışdıq. Azərbaycan, Bakı haqqında çox xoş sözlər demişdi. Bəzi məqamlarda hətta qəhərlənmişdi. Ancaq müsahibənin Xocalının işğalı günü işıq üzü görməsi çox yanlış addım idi. Uğurlu manşetlərimiz çox olub. Elə bir neçəsini siz xatırlatmışdız - "Uzaq sahillərdə Azərbaycan fırtınası", "Azərbaycan futbolsuz qaldı" və s. Açığı, bir az fikirləşməliyəm. 
 
- Şamo Quliyev (Fanat.az) Bizim dönəmimizdə adətən Tahir Mirzə evə gedəndən sonra hansısa yazıda səhvə yol veridiyini xatırlayıb, redaktora və sizə mesaj yazıb telefonu da söndürürdü. Ümumiyyətlə, Futbol+ tarixində ən böyük səhvi kim edib, hansı ki sizin də gözünüzdən yayınaraq qəzetdə dərc olunub?
- Bu gün də Tahir Mirzə ənənəsinə sadiqdi. Amma artıq çıxış yolu tapmışıq. Evə buraxmırıq, yazını öz yanında son nöqtəsinə qədər oxuyuruq. Yalnız bundan sonra onu evə yola salırıq. Tahir Mirzə problemi yalnız belə həll olunur. Bəzən mənə də zəng etməkdən çəkinirdi. Bizim dizaynerimiz Rəsula iş gördüyü vaxt mesaj gəlirdi ki, filan yerdə filan səhv var, onu düzəldin. İndi o "xəstəlik" daha da çiçəklənib. Bu adam eyni vaxtda həm yazı yazır, həm "whatsapp"la yazışır, həm "facebook"a baxır, həm də "odnoklassnik"də hansısa bir qızla danışır və s. Eyni zamanda 4 işlə məşğul olur. Mən də deyirəm ki, sənin yaddaşın o qədər yüksək deyil ki, bunun hamısını götürəsən. Kobud səhvlər çox olub. Sadəcə, o qədər oyunlar olur ki, statistika, heyətlər və s. bu kimi şeylərdə ciddi səhvlərdən qaçmaq mümkün deyil.
  
Hüseyn Cəbrayıloğlu, ("Palmali" şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri) - Az qala akademiya səviyyəsində qəbul etdiyimiz və etdiyim "Futbol+"in baş redaktoru AFFA-nın media monopoliyası oyununa gedərkən nəyi düşünüb getdi?
- Mən heç bir oyuna getməmişəm. Ümumiyyətlə, həyatda açıq kartlarla oynamağı sevirəm. Media Komitəsinə ən çox səslə seçilmiş adamam. Mənə etimad göstərilən heç bir işdən çəkinən, qorxan da deyiləm. Bu mənada demokratiya təlimi öyrəndiyim Elçibəydən fərqlənirəm. Mən Əbülfəz bəyin demokratik baxışlarına, onun dünya görüşünə, ayrı-ayrı hadisələrə yanaşmalarına çox böyük hörmətim var. Lakin mən heç bir halda mənə tapşırılan işdən qaçan deyiləm. Böyük səs çoxluğu ilə daxildə sədr seçilmişəm. Bu halda bütün qəzetlərə, saytlara yardım edə bilərəmsə, məsuliyyətdən çəkinmərəm. Bu, seçkili orqandı. Mahir Rüstəmlinin fəaliyyəti jurnalist camiəsini narazı salacaqsa, növbəti seçkidə seçilməyəcəm. Yenilər gəlib, işi davam etdirəcəklər. Hüseyn bəyin vurğuladığı şəkildə oyun oynamamışam. Heç bir seperat danışığa da getməmişəm. Özləri iclasa çağırıb, məni seçiblərsə, günahım nədi? Xahiş edirəm, bunu desin mənə. 
 
Səbuhi Səfiyarlı, ("Qəbələ"nin rəisi) - Bilirəm ki, Mahir müəllimin çox böyük planları var idi. 10 il əvvəl nəzərdə tutduğu planlardan neçə faizini həyata keçirə bilib?
- 30 və 40 faizini. Səbuhi bəyin də bildiyi problemlər var. Bəzilərini bayaq dedim. Allahın "Abunə institutu"nu bu ölkədə formalaşdıra bilmirik. Səbuhi bəy də gözəl bilir ki, yasaqlar, sistemlə bağlı problemlər var. Bir televiziyanın, qəzetin, jurnalistikanın problemləri ölkənin həyatından ayrı götürülə bilməz. İndi bağlanan, açılan qəzetlərin, televiziyaların nümunəsindən hər şey aydın görünür.
 
- Bundan sonra qəzetin gələcəyini necə görürsüz?
- Yolumuzda bəzi düzəlişlər etməyə məcburuq. Saytların təklif etdiyi indiki rəqabət altında xəbərçiliklə kifayətlənmək heç nəyə yaramayacaq. İstəyirik ki, qəzetin elektron versiyasını gücləndirək. Elektron və çap versiyası arasında bağ olsun, bir-birilərinə istər yaradıcılıq, istərsə də maliyyə baxımından bir-birilərinə kömək etsinlər. 20 illik yubileyə qədər bunları həll etməliyik. Bundan başqa qəzetin məzmununda dəyişiklər olacaq. Dünənə qədər futbol oyunlarından reportajlar, xəbərlər üstünlük təşkil edirdisə, indi daha çox təhlili yazılara üstünlük verəcəyik. 
 
- Elman Himayətoğlu, ("Zirə"nin mətbuat xidmətinin rəhbəri) - Mahir Rüstəmli məni yaxşı, yoxsa pis yetirmələrindən hesab edir?
- Hesab edirəm ki, yaxşı yetirmələrimdən biridir. Arada seçim edib, futbol klubuna keçdi. Məncə, jurnalistikada qalsaydı, öz hədəflərinə çatmaq uğrunda daha böyük addımlar ata bilərdi. Təbii ki, bu, onun seçimidi. Yetirməm kimi yaxşıdı, amma futbol meydanında mənə cavab qaytaran biri kimi pis. İstərdim ki, hər zaman yaşa fikir versin. Adi futbol meydanında irad tutan kimi, sərt şəkildə cavab qaytarır.
 
Eldəniz Yusifov, (AZAL-ın mətbuat xidmətinin rəhbəri) - Elektron idman saytları sözsüz ki, operativlik baxımından qəzetləri qabaqlayır. Bu, sizin əməkdaşlarınızın yaradıcılığına necə təsir edir?
- Çalışırıq ki, 20 illiyə qədər bu mənada çox şey dəyişsin. Amma bu o demək deyil ki, məndə olan eksklüziv xəbəri atım və onu işləməyim. Son sayımızda Yaşar Məmmədovun Qılıncoynatma Federasiyasının prezidenti Nazim İbrahimov barədə dedikləri inanmıram ki, başqa saytlarda və qəzetlərdə olsun. Belə eksklüzivlər olacaq. Dediyim kimi, təhlili yazılara üstünlük verəcəyik. Azərbaycanda daha dərin anlitik yazıları oxumaq istəyən nə qədərdi? Daha dərin taktiki yazıları oxumaq istəyənlərin çoxluğuna inamıram. Eldəniz bəyin belə yazıları olurdu. Özü də etiraf edər ki, belə yazıları oxuyan təbəqə elə də çox deyil.
 
Pərviz Hikmət, (Publika.az) - Futbol+ qəzetində çox jurnalist çalışıb. Təsadüfi insanlar da olub, təsadüf nəticəsində parlayan insanlar da. Bir neçə nəsil dəyişib bu qəzetdə. Qəzetin profili idman, əsasən də futbol olduğu üçün sualım belədir: Mahir Rüstəmlinin ideal "11-liy"i necədir?
- Təsadüfi adamlar olub, amma təsadüf nəticəsində parlayanları nədənsə xatırlamıram. Bəlkə də sən qəzetə korrektor kimi cəlb olunan, lakin sonradan ya hadisələrin xoş axarı, ya da çıxılmazlıq üzündən reportyorlar sırasına qoşulan bəzi dostları nəzərdə tutursan. Amma onu da bil ki, mən hətta korrektor seçimində də yanılmamışam. Kimlə yola çıxmışımsa, sonradan ulduz olub. Hə, bu ideal "11-lik” sualı tam bir intriqa mənbəyidi. Amma mən "11-lik” yox, "21-lik” seçəcəm. Bəribaşdan deyim ki, indikilərin adını bilərəkdən çəkmirəm, qoy kimsə inciməsin və aralarında fərq qoyduğumu düşünməsin. Sabiqlərin "21-liy”i isə belədi: Anar Şabanoğlu, Elşən Məmmədov, Tural Əsgərov, Rüstəm Əfsərli, Səbuhi Səfiyarlı, Vaqif Heydərli, İlkin Xəlilov, Atəş Sultanov, Eldəniz Yusifov, Coşqun Eldaroğlu, Ceyhun Əliyev, Mehman Süleymanov, Elsevər Paşayev, Elnur Məmmədli,  Elvar Quliyev, Vüsal Mahmudov, Elman Himayətoğlu, Coşqun Məmmədov, Rəşad Ergün, Elvin Yaqubov, Kənan Məstəliyev. 
 
- Elvin Yaqub, (Report.az) - Geridə qalan 19 ilə boylanaraq qazetdə getmiş 19 ən yaxşı yazı və ya layihəni, onların müəlliflərini xatırlaya bilərsiz? İkincisi, artıq qəzet 20 illiyə qədəm qoyub. Bu yubiley ilində nə kimi tədbirlər və layihələr nəzərdə tutulub? "Futbol+"in camiəsinin üzvləri ilə - keçmiş və ya indiki fərq etmir?
- Əslində belə, layihələrin sayı 19 yox, ən azı bundan ikiqat artıq olub. Lap əvvəldən başlasaq, hələ qəzetin çıxdığı ilk illərdə İlkin Xəlilov idman adamları arasında ən yaxşı lətifə danışmaq üzrə yarış keçirirdi. Vüsal Mahmudovun məşhur "Top-şou” səhifəsi vardı. Səbuhi Səfiyarlı ilə Elnur Məmmədov birlikdə məşhur azərbaycanlı futbolçuların portretini yazırdı. Elman Himayətoğlu ilə Rəsul Şükürsoy "Əlifba” səhifəsini aparırdı. Tahir Mirzə lap son vaxtlara qədər futbolçuların intellektual qabiliyyətini üzə çıxaran layihənin müəllifi idi. Sırf yazılara gəlincə, Atəş Sultanovla Tural Əsgərovun emosional təhlillərini, Vüsal Aydının köşələrini, Eldəniz Yusifovla Ceyhun Əliyevin təhlillərini, indikilərdən Həbib Aslanovun müsahibələrini lap yaxşı xatırlayıram. Vaxtilə çox maraqlı, tematik xarakter daşıyan "Üstəgəl” layihəmiz var idi.  20 illik ilə bağlı strateji xətt ilin əvvəlində işə düşəcək. Təbii ki, böyük layihələr olacaq və həmin layihələrdə indikilərlə yanaşı, könüllü qatılmağa razılıq verən sabiqlər də iştirak edəcək. Qısaca onu deyə bilərəm ki, planlar sırasına sənədli filmin hazırlanmasından tutmuş indiyə qədər "Futbol+”də dərc olunan müəlliflərin biblioqrafik göstəricisinin hazırlanmasına, yubileylə bağlı jurnalistlər arasında turnir keçirilməsinə qədər bir çox ideyalar var.
 
Elvar Quliyev, ("Xəzər Lənkəran"ın təcrüməçisi)- Mahir müəllim üçün hansı illər "Futbol+ "-in qızıl dövrü sayılır?
- Təxminən 10 və 15 illiyi qeyd edərdim. Lap birinci müsabiqədən seçdiyim uşaqları qeyd edərdim. Onlarla bizi bağlayan dəyərlər çox oldu. Bu gün də o dəyərlər yaşayır. Anar Şabanoğlu, İlkin Xəlilov, Vaqif Heydərli seçilmişdi. Səhv etmirəmsə, 4 nəfər idilər.  İnsani bağlar bu gün də qorunub saxlanılır. Ondan sonra təzə nəsil gəldi. Məsələn, Mehman Süleymanov, Ceyhun Əliyev, Kənan Həsənov, Vüqar Xeyrullayev. Nəsillərin müqayisəsini etməzdim. Amma bütün hallarda 10 və 15 illik arasında olan nəsili qeyd edərdim.  
 
Futbol11.az-ın sualı: Mahir Rüstəmli hansı sual qarşısında aciz qalır?
- Jurnalist olmasaydım, hansı sahəni seçərdim? Fəal siyasətlə də məşğul ola bilərdim. Və yaxud da futbolçu kimi özümü göstərməyə çalışardım. İksindən biri mütləq olardım. Bu barədə ciddi düşünərdim. Məsələn, mən səmimi biriyəm. Amma siyasətdə səmimilik yerimir. Yalan danışmalı, kimlərisə aldatmalısan. Görəsən, şəxsi keyfiyyətlərim imkan verərdi ki, özümü göstərə bilim, hədəfə çatım?  Futbolçu olsaydım, görəsən, necə bir oyunçu olardım: ağıllı, yoxsa yalnız yaşıl meydanda özünü göstərən? Bax, bu iki peşə üzərində fəikirləşərdim. Siyasətçi olsaydım da belə, futboldan kənarda qalmazdım. Futbol elə bir xəstəlikdi ki, tutuldunsa, ayrılmaq çətindi. Bu gün də hansısa bir oyuna baxanda evdəkilərdən başqa otağa çəkilmələrini xahiş edirəm. Çünki istəməyərəkdən ağzımdan xoşagəlməz ifadə çıxar. Bu gün də futbolu həvəslə oynayıram. Uduzanda xasiyyətim çox pis olur, qışqırıram, bağırıram. Zədələnəndə özümü bağışlaya bilmirəm. Futbol həm də insanın duyğularına təsir göstərən sahədi. Futbol mənə çox şey öyrətdi.
 
EMİN SƏFƏROV 
 
P.S. Sözsüz ki, "Futbol+"də Rəşad Ergün və Vusal Mahmudovun da əməyi olub. Buna görə də müsahibədən əvvəl onlara da müraciət etmişdik. Ancaq Rəşad bəyin Rüstəmliyə sualı olmadı. Mahmudov isə başının qarışıq olduğunu bildirməklə yanaşı, fikirləşməyə ehtiyac yarandığını, daha sonra isə tələsikdisə, işimizi görməyi, onu gözləməməyi məsləhət bildi.